Enerji çatışmazlığı Rumıniyanı Ukraynadan asılı vəziyyətə saldı

Enerji çatışmazlığı Rumıniyanı

Rumıniyanın dövlət enerji şirkəti Nuclearelectrica Ukraynadan elektrik enerjisi idxalına başlayıb. Monetar.az xəbər verir ki, şirkət tədarükün həcmi və qiyməti barədə məlumat açıqlamayıb.

Şirkətin məlumatına görə, elektrik enerjisi Moldovanın dövlət enerji təchizatçısı Energocom-un dəstəyi ilə alınır. İdxal Rumıniyanın Çernavoda Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunun fəaliyyətinin dayandırılması nəticəsində yaranmış enerji çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır.

Bildirilib ki, Nuclearelectrica ilə Energocom arasında əməkdaşlıq 2023-cü ildə analoji vəziyyətlərdə qarşılıqlı dəstəyi nəzərdə tutan memorandum əsasında həyata keçirilir.

Şirkət qeyd edib ki, Dunay çayında su səviyyəsinin rekord həddə enməsi nəticəsində regionda yaranmış mürəkkəb vəziyyət uzunmüddətli tərəfdaşlıqların və dayanıqlı ticarət əlaqələrinin əhəmiyyətini artırır.

Quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsinin kəskin azalması Çernavoda AES-in soyutma sistemlərinin təhlükəsiz fəaliyyətini risk altına saldığından, birinci reaktor dayandırılıb. Su səviyyəsinin enməsi davam edərsə, ikinci enerji blokunun da fəaliyyətinin müvəqqəti dayandırılması istisna edilmir.

Elektrik enerjisi istehsalının azalması fonunda Rumıniyada fövqəladə vəziyyət rejimi elan olunub. Hakimiyyət orqanları enerji təchizatının sabitliyini qorumaq və elektrik enerjisinə qənaət etmək üçün əlavə tədbirlər həyata keçirir.

Bu çərçivədə ölkənin müvəqqəti baş naziri İliye Bolojan 80 iri şirkətin nümayəndələri ilə videokonfrans keçirərək elektrik istehlakının azaldılmasına çağırıb. Görüşün nəticəsi olaraq iki böyük şirkət – Dacia və Ford avqustun 3-dən 19-dək istehsalı müvəqqəti dayandırmağa razılıq verib.

Qeyd edək ki, dövlətə məxsus Nuclearelectrica Rumıniyanın yeganə atom elektrik stansiyası olan Çernavoda AES-in operatorudur. Stansiyanın iki fəaliyyətdə olan enerji bloku ölkənin ümumi elektrik enerjisi istehsalının təxminən 20 faizini təmin edir.