Rusiya naftası daşıyan tanker Qırmızı dənizdə marşrutunu dəyişib

Rusiya naftası daşıyan tanker Qırmızı dənizdə

Ticarət mənbələrinin verdiyi məlumata və Reuters agentliyinin istinad etdiyi LSEG gəmi izləmə məlumatlarına əsasən, Rusiyadan nafta daşıyan Panama bayraqlı tanker iyulun son həftəsində Bab əl-Məndəb boğazından keçməyə cəhd etsə də, daha sonra marşrutunu dəyişərək Afrika ətrafından dolanma yolunu seçib.

Məlumata görə, "Suezmax" sinfinə aid "Sea Icon" tankeri iyulun 1-də Rusiyanın Ust-Luqa limanından Asiyaya çatdırılmaq üçün ən azı 100 min ton nafta yükləyib.

Treyderlərdən birinin sözlərinə görə, yük Körfəz regionunda davam edən müharibə fonunda Asiya bazarları üçün mühüm alternativ tədarük mənbələrindən biri hesab olunan "NOVATEK" şirkətinə məxsusdur.

Tanker Küveytdə yerləşən Arab Maritime Petroleum Transport Company tərəfindən idarə olunur.

Rusiyalı treyder bildirib ki, Yaxın Şərqdə davam edən müharibə səbəbindən yükdaşımaların təhlükəsizliyini təmin etmək məqsədilə gəmilər getdikcə daha çox Afrika ətrafından keçən alternativ marşruta yönləndirilir.

LSEG-nin gəmi izləmə məlumatına əsasən, tanker bazar ertəsi Qrinviç vaxtı ilə saat 04:00 radələrində təyinat məntəqəsi kimi Cənubi Afrika Respublikasının Keyptaun şəhərini göstərib.

İranın dəstəklədiyi husilərin iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

MONETAR.AZ