İlin əvvəlindən qlobal maliyyə bazarlarında geosiyasi hadisələrin təsiri ilə dalğalanmalar müşahidə olunsa da, dünyanın bir sıra milyarderləri sərvətlərini əhəmiyyətli dərəcədə artırmağa nail olublar. Monetar.az xəbər verir ki, Bloomberg Billionaires Index-in məlumatına əsasən, 2026-cı ilin əvvəlindən iyulun sonunadək sərvətini ən çox artıran 15 milyarder müəyyənləşdirilib.
Siyahıya Dell Technologies şirkətinin qurucusu Maykl Dell başçılıq edir. Onun sərvəti ilin əvvəlindən 77,2 milyard dollar artaraq 217,2 milyard dollara yüksəlib.
İkinci yerdə 64,2 milyard dollarlıq artımla Tesla və SpaceX-in rəhbəri İlon Mask qərarlaşıb. Onun ümumi sərvəti 683,6 milyard dollar qiymətləndirilir.
İlk üçlüyü isə Bitfinex və Tether layihələrinin həmtəsisçilərindən olan Cankarlo Devasini tamamlayır. O, sərvətini 45,7 milyard dollar artıraraq 58,9 milyard dollara çatdırıb.
Siyahının davamında Ceff Bezos (+36,7 milyard dollar), Larri Peyc (+35,8 milyard dollar), Sergey Brin (+33,2 milyard dollar), Ceffri Stiven Yass (+28,8 milyard dollar), Canq Yimin (+27,7 milyard dollar), Qautam Adani (+27,6 milyard dollar), Tomas Peterffi (+26,8 milyard dollar), Lyan Venfen (+21,8 milyard dollar), Devid Sun (+20,9 milyard dollar), Con Tu (+20,9 milyard dollar), Çanpen Çjao (+17,5 milyard dollar) və Karlos Slim (+17,4 milyard dollar) yer alıblar.
Reytinq göstərir ki, bu il sərvət artımında texnologiya, süni intellekt, kriptovalyuta və maliyyə sektorunda fəaliyyət göstərən sahibkarlar üstünlük təşkil ediblər.