Türkiyədə istirahət bahalaşdı: Turistlər alternativ ölkələr seçir

Türkiyədə istirahət bahalaşdı:

Türkiyədə 2026-cı ilin turizm mövsümü gözlənilən nəticələri vermir. Monetar.az xəbər verir ki, bunu  İzmirdə fəaliyyət göstərən turizm agenti İnci Sunar bildirib.

Onun sözlərinə görə, turizm sektorunda zəif nəticələrin əsas səbəbləri geosiyasi gərginlik, istirahət qiymətlərinin bahalaşması və Aralıq dənizi regionundakı digər kurortların güclənən rəqabətidir.

Sunar qeyd edib ki, xüsusilə Almaniya və Böyük Britaniya bazarlarından gələn turist axınında nəzərəçarpacaq azalma müşahidə olunur. Onun fikrincə, bu tendensiya davam edərsə, cari mövsümün nəticələri ötən ildəkindən daha zəif ola bilər. Sektor üçün əsas dövr isə sentyabr-noyabr ayları olacaq.

Turizm agentinin sözlərinə görə, son həftələrdə rezervasiyaların artmasına baxmayaraq, geosiyasi hadisələr və Türkiyənin qiymət üstünlüyünü itirməsi səbəbindən yaranan tələbat azalmasını kompensasiya etmək mümkün olmayıb.

O əlavə edib ki, Fars körfəzi ölkələrindəki böhran və istirahət xərclərinin artması da turist sayının gözləniləndən az olmasına səbəb olub. Son anda edilən bronlar isə itkiləri aradan qaldırmayıb.

İnci Sunar bildirib ki, 2026-cı ilin ilk beş ayında xarici turistlərin orta qalma müddəti 3,7 faiz azalıb. Populyar dəniz kurortlarında isə bu göstəricidə ikirəqəmli eniş qeydə alınıb.

Onun qiymətləndirməsinə görə, Türkiyə qiymət baxımından rəqabət qabiliyyətini itirir və bu göstərici üzrə Portuqaliya, İspaniya, Yunanıstan, İtaliya və Xorvatiya ölkələrindən geri qalır.

Turizm sektorunun nümayəndələri hesab edirlər ki, gələcək inkişaf turist sayının artırılmasından daha çox, hər turistin xərclərinin yüksəldilməsinə yönəlməlidir. Bunun üçün ölkədə qastronomiya, mədəniyyət və tədbir turizminin inkişaf etdirilməsi, eləcə də ilboyu yeni turizm məhsullarının təqdim olunması vacib sayılır.

Qeyd edək ki, turizm Türkiyə iqtisadiyyatının əsas sahələrindən biridir və ölkənin ümumi daxili məhsulunun təxminən 12 faizini təşkil edir. Britaniyanın Family Holiday Report 2026 hesabatına əsasən, son iki ildə qiymətlərin əhəmiyyətli dərəcədə artması nəticəsində Türkiyədə istirahət xərcləri ciddi şəkildə bahalaşıb.