Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Sabah jurnalistika ixtisası üzrə

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

İmtahanda jurnalistika ixtisası üzrə internet vasitəsilə qeydiyyatdan keçmiş, III ixtisas qrupu üzrə test imtahanında iştirak edərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

Bu il qabiliyyət imtahanında 827 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhəri ilə yanaşı, DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.

Qabiliyyət imtahanı kompüter vasitəsilə keçiriləcək və abituriyentlər inşanı (esseni) elektron formada yazacaqlar.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni DİM-in internet saytından çap etməlidirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlməli olduğu saat göstərilib.

Abituriyentlərə, həmçinin imtahan prosesi, davranış qaydaları və digər vacib məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Buraxılış rejimi 09:45-də başa çatacaq. Bu vaxtdan sonra imtahan binasına gələn şəxslər içəri buraxılmayacaqlar.

DİM iştirakçıların rahat şəkildə binaya daxil olmaları üçün fərqli giriş saatları müəyyən edib. Abituriyentlərə buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlmələri tövsiyə olunur.

İmtahana gətirilməsi tələb olunan sənədlər

Abituriyentlər imtahana aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • İmtahana buraxılış vərəqəsi;
  • Şəxsiyyəti təsdiq edən sənədin əsli:
    • Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayanlar da daxil olmaqla) – şəxsiyyət vəsiqəsi;
    • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsi;
    • Qaçqın statusu almış şəxslər və ailə üzvləri – qaçqın vəsiqəsi;
  • Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, üzərində 3×4 sm ölçülü fotoşəkil yapışdırılmış və möhürlə təsdiqlənmiş arayış təqdim etməlidirlər.

Qabiliyyət imtahanını uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə biləcəklər.

DİM tərəfindən bildirilib ki, imtahanda təqdim olunacaq inşa mövzuları və essenin qiymətləndirilmə meyarları ilə əvvəlcədən tanış olmaq mümkündür.