OPEC+ üzvü olan 7 ölkə sentyabrdan neft hasilatını artıracaq

OPEC+ üzvü olan 7 ölkə sentyabrdan

OPEC və qeyri-OPEC ölkələrinin daxil olduğu OPEC+ alyansına üzv yeddi ölkə sentyabr ayından etibarən neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.

OPEC-in yaydığı bəyanata əsasən, qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal neft bazarındakı vəziyyəti və perspektivləri müzakirə etdikləri onlayn iclasın yekununda qəbul olunub.

Bildirilib ki, hasilat artımı ölkələrin neft bazarında sabitliyi qorumaq öhdəliklərinə və 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barel həcmində könüllü hasilat ixtisarları çərçivəsində həyata keçiriləcək.

Qərara əsasən, ən böyük hasilat artımı Səudiyyə Ərəbistanı və Rusiyada olacaq. Hər iki ölkə gündəlik hasilatı 62 min barel artıracaq.

Digər ölkələr üzrə gündəlik hasilat artımı belə bölüşdürülüb:

  • İraq – 26 min barel;
  • Küveyt – 16 min barel;
  • Qazaxıstan – 10 min barel;
  • Əlcəzair – 6 min barel;
  • Oman – 5 min barel.

OPEC+ qrupunun növbəti iclasının 6 sentyabr tarixində keçirilməsi planlaşdırılır. Həmin görüşdə qlobal bazardakı vəziyyət yenidən qiymətləndiriləcək və hasilat siyasəti ilə bağlı növbəti qərarlar müzakirə olunacaq.