Dünyada ən çox qəhvə istehsal edən ölkələrin reytinqi açıqlanıb. Monetar.az xəbər verir ki, Voronoi tərəfindən hazırlanan araşdırmaya əsasən, 2025/2026-cı təsərrüfat ilində qlobal qəhvə istehsalında Braziliya lider mövqeyini qoruyub.
Braziliya 63 milyon 60 kiloqramlıq yaşıl qəhvə kisəsi istehsal edib. Bu, dünya üzrə ümumi istehsalın 35 faizinə bərabərdir. Ölkədə əsasən yüksək keyfiyyətli Arabika qəhvəsi yetişdirilir.
Reytinqdə ikinci yeri Vyetnam tutub. Bu ölkənin istehsalı 31,7 milyon kisə təşkil edib ki, bu da dünya qəhvə istehsalının 18 faizidir. Vyetnam xüsusilə robusta növü qəhvə istehsalı ilə tanınır.
Kolumbiya 12,5 milyon kisə və 7 faiz payla üçüncü, İndoneziya isə 12,4 milyon kisə ilə dördüncü yerdə qərarlaşıb. Ərəbika qəhvəsinin vətəni hesab edilən Efiopiya isə 11,6 milyon kisə istehsalla ilk beşliyə daxil olub.
Dünyanın ən böyük 25 qəhvə istehsalçısı qlobal istehsalın təxminən 99 faizini təmin edir. İlk beş ölkənin payına isə dünya qəhvə istehsalının təxminən dörddə üçü düşür.
Araşdırmaya əsasən, son onilliklərdə qəhvə istehsalının coğrafiyasında dəyişikliklər baş verib. Cənubi Amerika hələ də əsas istehsal regionlarından biri olsa da, Asiyanın dünya bazarındakı payı artıb. Asiyanın qlobal qəhvə istehsalındakı payı 1960-cı illərdə 5 faizdən az olduğu halda, hazırda 32 faizə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri gələcəkdə qəhvə istehsalı üçün əsas çağırışlardan biri olacaq. Temperatur artımı, əkin sahələrinin azalması və zərərvericilərin yayılması qlobal qəhvə tədarükünə və qiymətlərə təsir göstərə bilər.
Dünyada ümumi qəhvə istehsalının 2025/2026-cı il üzrə həcmi 178,83 milyon 60 kiloqramlıq kisə təşkil edib.