Fransada yumşaq buğdanın məhsuldarlığının cari mövsümdə hektardan 7,0 metrik ton səviyyəsində olacağı gözlənilir. Bu, son beş ilin orta göstəricisindən 3% aşağıdır və Avropa İttifaqının ən böyük taxıl istehsalçısı olan Fransada fermerlər üçün daha bir çətin mövsümə işarə edir.
Fransa Aqronomiya İnstitutunun (Arvalis) açıqladığı proqnoz Kənd Təsərrüfatı Nazirliyinin iyulun ortalarında dərc etdiyi hektardan 6,93 ton məhsuldarlıq qiymətləndirməsindən bir qədər yüksəkdir. Nazirlik cari il üzrə ümumi yumşaq buğda istehsalını 32 milyon ton səviyyəsində proqnozlaşdırmışdı.
Buğda İstehsalçıları Birliyi (AGPB) isə bərk buğdanın məhsuldarlığını hektardan 5,1 metrik ton səviyyəsində qiymətləndirir. Bu göstərici də uzunmüddətli orta səviyyədən 4% aşağıdır.
Payızlıq arpa üzrə məhsuldarlığın hektardan 6,3 metrik ton olacağı gözlənilir ki, bu da orta göstəricilərə yaxındır. Yazlıq arpanın məhsuldarlığı isə tipik istehsal səviyyəsinə çatmayaraq hektardan 5,3 metrik ton proqnozlaşdırılır.
AGPB bildirib ki, məhsuldarlıq regionlar və ayrı-ayrı təsərrüfatlar arasında əhəmiyyətli dərəcədə fərqlənir. Təşkilat bunu qış aylarında normadan artıq yağıntılar, bəzi bölgələrdə günəş işığının çatışmazlığı, vegetasiya dövrünün sonlarında müşahidə olunan isti hava dalğaları və su qıtlığı ilə əlaqələndirib.
Analitiklərin fikrincə, əlverişsiz hava şəraiti Fransada taxıl istehsalının bərpasını məhdudlaşdırmaqla yanaşı, Avropa taxıl bazarında təklifə də təsir göstərə bilər.
MONETAR.AZ