Azərbaycanda torpaqların konsolidasiyası üzrə ölkə hesabatı hazırlanacaq

Azərbaycanda torpaqların konsolidasiyası üzrə

Azərbaycanda torpaqların konsolidasiyası üzrə həyata keçirilən pilot layihələrin nəticələri əsasında ölkə hesabatı hazırlanacaq və bu mexanizmin ölkə üzrə mərhələli tətbiqinə başlanılacaq.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev məlumat verib.

Onun sözlərinə görə, ölkənin demək olar ki, bütün rayonlarında torpaqların konsolidasiyasına ehtiyac var.

"Bildiyiniz kimi, hazırda konsolidasiyanın həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilib və icra prosesinə başlanılıb. Qanunvericilikdə nəzərdə tutulan mexanizmin yekun modeli pilot layihələrin nəticələrindən sonra müəyyənləşdiriləcək. Bütün bunlar pilot layihələrin gedişindən və əldə olunacaq nəticələrdən asılı olacaq", – deyə Firudin Tağıyev bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə kimi tətbiqi nəzərdə tutulur.

Bu istiqamətdə Dünya Bankı ilə birgə Qəbələ və Salyan rayonlarında iki pilot layihənin həyata keçirilməsi planlaşdırılıb. İlkin təhlillər nəticəsində seçilmiş ərazilərin Azərbaycanda ilk dəfə icra olunacaq torpaq konsolidasiyası layihələri üçün əlverişli olduğu müəyyən edilib və Türkiyə təcrübəsi əsasında ilkin yol xəritəsi hazırlanıb.