Kredit ittifaqlarının mənfəəti əridi: İlk yarımil zərərlə başa çatdı

Kredit ittifaqlarının mənfəəti əridi:

Kredit ittifaqlarının 2026-cı ilin ilk yarısı üzrə maliyyə göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə zəifləyib. Hesabat dövründə kredit ittifaqlarının xalis mənfəəti zərərə çevrilib.

 Belə ki, 30 iyun 2025-ci ildə kredit ittifaqlarının xalis nəticəsi mənfi 0,03 milyon manat təşkil etdiyi halda, 30 iyun 2026-cı ildə bu göstərici daha da pisləşərək mənfi 0,6 milyon manata düşüb.

Hesabat dövründə kredit ittifaqlarının faiz gəlirləri dəyişməyərək 1 milyon manat səviyyəsində qalıb. Bu gəlirlərin əsas hissəsi kreditlər üzrə faizlərdən formalaşıb. Faiz xərcləri isə hər iki dövrdə qeydə alınmayıb. Nəticədə xalis faiz gəliri 1 milyon manat olub.

Kredit ittifaqlarının qeyri-faiz gəlirləri də 0,2 milyon manat səviyyəsində sabit qalıb. Eyni zamanda qeyri-faiz xərcləri 0,7 milyon manatdan 0,6 milyon manata qədər azalıb. Bu dəyişiklik əməliyyat mənfəətinin əvvəlki ilin göstəricisi ilə eyni səviyyədə - 0,5 milyon manat olmasına səbəb olub.

Bununla belə, əsas təzyiq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırmaların artması ilə bağlı olub. 2025-ci ilin ilk yarısında bu məqsədlə 0,5 milyon manat xərc ayrıldığı halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 1 milyon manata yüksəlib.

Ehtiyatların artması kredit ittifaqlarının maliyyə nəticələrinə mənfi təsir edib. Nəticədə vergilər və digər xərclər nəzərə alınmadan əvvəlki mənfəət 2025-ci ilin ilk yarısında sıfıra yaxın olduğu halda, 2026-cı ilin yanvar-iyun aylarında mənfi 0,6 milyon manat təşkil edib.

Ümumilikdə, göstəricilər kredit ittifaqlarında əsas gəlir mənbələrinin sabit qalmasına baxmayaraq, kredit portfeli üzrə risklərin artması və mümkün zərərlər üçün yaradılan ehtiyatların maliyyə nəticələrini zəiflətdiyini göstərir.

Monetar.az