"İnflyasiya sürətlənərsə, FED faiz dərəcələrini artırmağa hazırdır"

"İnflyasiya sürətlənərsə, FED faiz dərəcələrini

Nyu-York Federal Ehtiyat Bankının (FED) prezidenti Con Uilyams Reuters agentliyinə verdiyi və bu gün dərc olunan müsahibəsində bildirib ki, ABŞ Mərkəzi Bankı inflyasiyanı 2%-lik hədəfə qaytarmaq üçün zərurət yaranacağı təqdirdə faiz dərəcələrini yenidən artırmağa hazırdır.

Uilyams enerji daşıyıcılarının qiymətlərində və ticarət tariflərində müşahidə olunan artımın pik həddini keçdiyini, ABŞ iqtisadiyyatının isə sabitliyini qoruduğunu qeyd edib. Onun fikrincə, son ilyarım ərzində inflyasiyanı sürətləndirən əsas amillərin təsiri tədricən zəifləyəcək və dezinflyasiya prosesi yenidən üstünlük təşkil edəcək.

Nyu-York FED rəhbəri şəxsi proqnozuna əsasən, inflyasiyanın cari ilin ikinci yarısında azalmağa başlayacağını, gələn il isə bu prosesin daha da sürətlənəcəyini bildirib. Onun sözlərinə görə, hazırkı pul-kredit siyasəti inflyasiyanın hədəf səviyyəsinə qaytarılması üçün münasib mövqe yaradır.

"Əgər iqtisadiyyat inflyasiyanı 2%-ə qaytaracaq trayektoriya üzrə hərəkət etməzsə, onu həmin trayektoriyaya qaytarmaq üçün əlavə tədbirlərin görülməsi tamamilə məqsədəuyğun olardı", – deyə Uilyams bildirib.

Hazırda ABŞ-də inflyasiya FES-in 2%-lik hədəfini əhəmiyyətli dərəcədə üstələyir və artıq beş ildən çoxdur bu səviyyədən yuxarı qalır. Mərkəzi Bankın üstünlük verdiyi inflyasiya göstəricisi olan PCE indeksi iyun ayında illik ifadədə 3,7% artıb.

Keçən həftə Federal Açıq Bazar Komitəsi (FOMC) federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu dəyişməz saxlayaraq 3,50%–3,75% səviyyəsində qərarlaşdırıb. Uilyams bu qərarı tam dəstəklədiyini bildirib.

Bununla belə, iclas zamanı FOMC-nin üç üzvü qərarın əleyhinə səs verib. Onlar inflyasiyanın cilovlanması üçün faiz dərəcələrinin artırılmasının zəruri olduğunu hesab edirlər.

Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hammak da bildirib ki, inflyasiya artıq beş ildən çoxdur 2%-lik hədəfdən yuxarı qalır və onun əlavə tədbirlər olmadan hədəfə enəcəyinə əmin deyil.

Uilyams qeyd edib ki, yaxın aylarda əsas diqqət baza inflyasiyası göstəricilərinə yönələcək. Məqsəd inflyasiyanın 2028-ci ilə qədər davamlı şəkildə 2%-lik hədəfə doğru hərəkət edib-etmədiyini qiymətləndirməkdir.

Onun sözlərinə görə, xüsusilə Yaxın Şərqdə yenidən artan geosiyasi gərginlik enerji qiymətləri ilə bağlı qeyri-müəyyənliyi yüksək səviyyədə saxlayır. Lakin vəziyyət sabitləşər və gəmiçilik marşrutları tam bərpa olunarsa, enerji bazarındakı təzyiq də sürətlə azalacaq.

Uilyams əlavə edib ki, FES maliyyə bazarlarını yaxından izləsə də, pul-kredit siyasətini bazar qiymətlərinə əsasən formalaşdırmır. Hazırda investorlar yüksək inflyasiya risklərini nəzərə alaraq uzunmüddətli istiqrazların gəlirliliyini artırır, fyuçers bazarları isə ilin sonuna qədər əlavə faiz artımı ehtimalını qiymətlərdə əks etdirir.

Süni intellekt sektorundakı son volatilliyi də şərh edən Uilyams bildirib ki, bu vəziyyət onu narahat etmir. Onun sözlərinə görə, AI şirkətlərinin əksəriyyəti yüksək gəlirliliyə malikdir və sektorda kredit rıçaqının səviyyəsi əvvəlki maliyyə böhranları dövründə müşahidə olunan risklərlə müqayisə edilə bilməz.

"Bu şirkətlərin əksəriyyəti yüksək gəlirlilik nümayiş etdirir. Buna görə də hazırda maliyyə sabitliyi baxımından kredit rıçaqı məni ciddi narahat etmir", – deyə Uilyams vurğulayıb.

MONETAR.AZ