Həyat sığortasında artım: haqlar və ödənişlər yüksəlib

 Həyat sığortasında artım:

 2026-cı ilin yanvar-iyun aylarında sığorta bazarında həm sığorta haqları, həm də sığorta ödənişləri üzrə artım müşahidə olunub.

 Monetar.az xəbər verir ki,  könüllü sığortalar üzrə toplanan sığorta haqları 717,7 milyon manat təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövründəki 622,4 milyon manatla müqayisədə 95,4 milyon manat və ya 15,3 faiz artıb.

 Könüllü sığortalar üzrə sığorta ödənişləri də artaraq 470 milyon manata çatıb. Ötən ilin yanvar-iyun aylarında bu rəqəm 363,9 milyon manat olub. Beləliklə, ödənişlərdə illik artım 106,1 milyon manat və ya 29,2 faiz təşkil edib.

Ən böyük artım həyat sığortası sahəsində qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk yarısında həyat sığortası üzrə sığorta haqları 482,6 milyon manat olub. Bu rəqəm ötən ilin eyni dövründəki 421,8 milyon manatla müqayisədə 60,8 milyon manat çoxdur.

 Həyat sığortası üzrə ödənişlər də əhəmiyyətli dərəcədə yüksəlib. Cari ilin yanvar-iyun aylarında bu sahədə 400,6 milyon manat ödəniş həyata keçirilib. 2025-ci ilin eyni dövründə isə ödənişlərin həcmi 300,6 milyon manat olub.

 Həyatın yaşam sığortası könüllü sığorta növləri arasında əsas paya malik olub. Bu istiqamətdə sığorta haqları 455,7 milyon manat, ödənişlər isə 397,5 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həm haqlarda, həm də ödənişlərdə artım qeydə alınıb.

 Digər həyat sığortası növləri üzrə də dəyişikliklər müşahidə olunub. Həyatın ölüm halından sığortası üzrə haqlar 16,1 milyon manatdan 20,7 milyon manata yüksəlib, ödənişlər isə 1,5 milyon manatdan 2 milyon manata çatıb.

 Sağalmaz xəstəliklərdən sığorta üzrə toplanan haqlar isə 2,3 milyon manatdan 4,7 milyon manata yüksəlib. Bu növ üzrə ödənişlər 829 min manatdan 1 milyon manata yaxınlaşıb.

 Ümumilikdə, statistika göstərir ki, 2026-cı ilin ilk yarısında sığorta bazarında əsas artım həyat sığortası məhsullarının hesabına formalaşıb. Artan sığorta haqları ilə yanaşı, ödənişlərin də yüksəlməsi bu sahədə aktivliyin artdığını göstərir.