Dünyada kazino və qumar oyunlarından ən çox gəlir əldə edən məkan Makao olub. 2025-ci ildə bu ərazidə oyun sənayesinin gəlirləri 30,8 milyard dollara çatıb. Bu, Las-Veqas Stripinin eyni dövrdə əldə etdiyi gəlirdən təxminən 3,6 dəfə çoxdur.
Monetar.az xəbər verir ki, siyahıda ikinci yeri 8,6 milyard dollar gəlirlə ABŞ-ın Las-Veqas Strip ərazisi tutub. Sinqapur 7,2 milyard dollarla üçüncü, Atlantik-Siti 2,9 milyard dollarla dördüncü, Manila isə 2,6 milyard dollarla beşinci olub.
Reytinqin digər pillələrində ABŞ-ın Çikaqoland bölgəsi 2,4 milyard dollarla altıncı, Baltimor-Vaşinqton ərazisi 2,1 milyard dollarla yeddinci, Nyu-York ştatının aşağı bölgəsi 1,6 milyard dollarla səkkizinci, Missisipi Körfəzi sahili 1,5 milyard dollarla doqquzuncu, Filadelfiya isə 1,3 milyard dollarla onuncu yerdə qərarlaşıb.
Beləliklə, Makao ilk 10-luqda yer alan digər doqquz bazarın ümumi gəlirindən də çox gəlir əldə edib.
Makaonun yüksək gəlirlərində Çindən gələn turistlərin böyük payı var. 2025-ci ildə əraziyə gələn 40,1 milyon ziyarətçinin təxminən 29 milyonu materik Çinin payına düşüb. Bu, ümumi ziyarətçilərin 72%-ni təşkil edib.
Ziyarətçilərin təxminən 83%-i Makaoya quru yolu ilə gəlib, 59%-ə yaxını isə gecələmədən ərazini tərk edib.
Qeyd edək ki, kazino gəlirləri oyunçulara ödənilən uduşlar çıxıldıqdan sonra müəssisələrdə qalan məbləği ifadə edir. Bu göstəriciyə hotellər, restoranlar, alış-veriş və əyləncə xidmətlərindən əldə olunan gəlirlər daxil deyil.
Makao hökumət gəlirlərinin 70%-dən çoxunu da qumar oyunları sənayesindən əldə edilən vergilər hesabına formalaşdırır. Bununla yanaşı, ərazi turizm və əyləncə sektorunu şaxələndirməyə çalışır.