Rusiyalı turistlərin itirilməsi Finlyandiyanın şərqində biznesi tənəzzülə sürükləyib

Rusiyalı turistlərin itirilməsi Finlyandiyanın şərqində biznesi

"Euractiv" portalının məlumatına görə, Rusiya ilə sərhədin bağlanmasından sonra rusiyalı turist axınının dayanması Finlyandiyanın şərq bölgələrinin iqtisadiyyatına ciddi zərbə vurub və yerli biznesin tənəzzülünə səbəb olub.

Nəşr yazır ki, sərhədyanı kənd və qəsəbələr iqtisadi çətinliklərlə üz-üzə qalıb. Uzun illər Rusiyadan gələn turistlərin xərclərinə arxalanan bölgədə mağazalar, hotellər, restoranlar və digər xidmət müəssisələri müştəri çatışmazlığı yaşayır.

Hazırda yerli turizm sektoru fəaliyyətini daxili bazara yönəldərək finlandiyalı turistləri cəlb etməyə çalışır. Lakin "Euractiv"in qeyd etdiyi kimi, bu, itirilmiş turist axınını kompensasiya etməyə və biznesin əvvəlki səviyyədə fəaliyyətini təmin etməyə kifayət etmir.

Sərhədin bağlanması kənd təsərrüfatı sektoruna da mənfi təsir göstərib. Əvvəllər fin fermerləri əhəng və torfu Rusiyadan daha sərfəli qiymətlərlə əldə edirdilər. İndi isə onlar bu məhsulları daha baha alternativ mənbələrdən almağa məcbur qalıblar ki, bu da istehsal xərclərini artırıb.

Nəşr xatırladır ki, sərhədlərin bağlanması nəticəsində rusiyalı turistlərin yoxluğu Şərqi Finlyandiya iqtisadiyyatına ciddi zərbə vurub. Məlumata görə, sərhədyanı regionlar hər gün milyonlarla avro həcmində iqtisadi itki ilə üzləşir. Turist axınının kəskin azalması səbəbindən ölkənin regional hava limanlarından birinin fəaliyyətinin dayandırılması ehtimalı da gündəmə gəlib.

MONETAR.AZ