Sahibkar obyektini DSMF-yə 48 min manata icarəyə verir

Sahibkar obyektini DSMF-yə

Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsinə 863 min 280 manatlıq satınalma həyata keçirilib.

Satınalan təşkilat “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsidir. Satınalma üzrə göstərilən məbləğ 863 280 manat, müsabiqənin ehtimal olunan qiyməti isə 866 min 250 manat təşkil edir.

Müsabiqənin qalibi kimi Amil Qinyaz oğlu Bayramov göstərilib. Satınalma 2026/AT/03562/V4 nömrəsi ilə qeydə alınıb.

Tender şərtlərinə əsasən, icarəyə götürüləcək ofisin ümumi sahəsi təxminən 2 750 kvadratmetr olmalıdır. Ofis Bakı şəhərinin 3-cü zonasında yerləşməli, tam təmirli olmalı, lift, isitmə və soyutma sistemləri, internet və daxili şəbəkə xətləri, telefon, müşahidə kameraları və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin edilməlidir.

İcarə müddəti minimum 18 ay müəyyənləşdirilib. Qiymət təklifinə vergi və rüsumlar da daxil edilməlidir.

Hesablamaya görə, 18 aylıq müddət əsas götürüldükdə, icarənin aylıq dəyəri təxminən 47 min 960 manat, bir kvadratmetr üçün aylıq xərc isə 17,44 manat təşkil edir. Bu hesablamalar 863 280 manatlıq məbləğin 18 aya bölünməsi əsasında aparılıb.

MONETAR.AZ