Azərbaycanda nisyə satışla məşğul olan sahibkarların banka və kredit bürolarına təqdim etdiyi məlumatlar arasındakı uyğunsuzluq onların kreditlərinin daha riskli aktiv kimi təsnifləşdirilməsinə səbəb ola bilər. Yeni tələbin bankların ehtiyat ayırmalarına, kredit siyasətinə və sahibkarların maliyyələşmə imkanlarına təsir edəcəyi gözlənilir.
Monetar.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının aktivlərin təsnifləşdirilməsi və qiymətləndirilməsi qaydalarına etdiyi dəyişikliklərə əsasən, banklar nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların təqdim etdiyi məlumatları kredit bürolarındakı göstəricilərlə müqayisə etməlidirlər.
Yoxlama zamanı nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı nəzərə alınacaq. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, həmin kredit qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.
Bu dəyişiklik banklar üçün kredit risklərinin qiymətləndirilməsində əlavə nəzarət mexanizmi yaradır. Belə ki, kreditin daha riskli kateqoriyaya keçirilməsi bankın həmin aktiv üzrə daha çox ehtiyat ayırmasına səbəb ola bilər. Bu isə bankların xərclərini artırmaqla yanaşı, mənfəətliliyinə də təsir göstərə bilər.
Yeni tələbin sahibkarların maliyyələşmə imkanlarına da təsir edəcəyi gözlənilir. Xüsusilə nisyə satış portfelinin uçotunu dəqiq aparmayan və banka təqdim etdiyi məlumatlarla kredit bürolarındakı göstəricilər arasında fərqlər olan kiçik və orta sahibkarların kredit əldə etməsi çətinləşə bilər.
Digər tərəfdən, yeni mexanizm sahibkarların maliyyə hesabatlarında şəffaflığın artırılmasına və nisyə satış əməliyyatlarının daha dəqiq uçotunun aparılmasına təkan verə bilər. Banklar isə kredit qərarları zamanı borcalanların maliyyə vəziyyəti barədə daha uyğun və müqayisə edilə bilən məlumatlardan istifadə etmək imkanı əldə edəcəklər.
Beləliklə, yeni tələbin əsas məqsədi bankların kredit risklərinin daha dəqiq qiymətləndirilməsi və aktivlərin keyfiyyətinin qorunmasıdır. Bununla yanaşı, tənzimləmənin qısamüddətli dövrdə nisyə satışla məşğul olan bəzi sahibkarların kreditlərə çıxışını məhdudlaşdırması mümkündür.