"Maserati" Dubayda ilk yaşayış kompleksini inşa edəcək

"Maserati" Dubayda ilk yaşayış kompleksini

İtaliyanın avtomobil istehsalçısı Maserati Dubayın süni arxipelaqı olan The World Islands ərazisində ilk yaşayış kompleksi layihəsini həyata keçirəcək. Şirkət tikinti tərtibatçısı Samana ilə əməkdaşlıq çərçivəsində Maserati Island adlı lüks yaşayış məkanının yaradılacağını elan edib.

Layihənin tikintisinin başa çatdırılması və obyektlərin təhvilinə 2030-cu ildən başlanması planlaşdırılır. Kompleksə ümumilikdə 840 rezidensiya, su üzərində yerləşən 7 villa və yaşıllıqlar arasında inşa ediləcək 2 villa daxil olacaq.

Tikintinin birinci mərhələsində studiyalardan dördotaqlı mənzillərə qədər müxtəlif planlaşdırmaya malik 232 yaşayış sahəsi təqdim ediləcək. Mənzillərin hər birində fərdi hovuz nəzərdə tutulub. Bütün rezidensiyalar dənizə panoramik mənzərə açılacaq şəkildə layihələndirilib.

Kompleksin interyer və ictimai məkanlarının dizaynında İtaliyanın iki brendinin əməkdaşlığı nəticəsində ərsəyə gələn Giorgetti Maserati Edition kolleksiyasından mebellərdən istifadə olunacaq. Layihənin memarlıq konsepsiyasını A++ Studio şirkətindən Karlo Kolombo hazırlayıb.

Maserati Island sakinləri üçün şəxsi çimərliklər, laquna, hovuzlar, spa mərkəzləri, idman meydançaları və su idmanı infrastrukturu yaradılacaq. Ərazidə həmçinin restoranlar, o cümlədən İtaliya mətbəxi təqdim edən üzən restoran, çimərlik klubu, kovorkinq məkanları, mağazalar və konsyerj xidməti fəaliyyət göstərəcək.

Dubayın materik hissəsi ilə nəqliyyat əlaqəsi sürətli yaxtalar üçün nəzərdə tutulan xüsusi marşrutlar vasitəsilə təmin ediləcək.

Samana şirkətinin açıqlamasına görə, layihənin əsas məqsədi Maserati-nin İtaliya dizaynı və sənətkarlıq ənənələrini tikinti tərtibatçısının təcrübəsi ilə birləşdirməkdir.

Avtomobil istehsalçısı üçün bu təşəbbüs Casa Maserati konsepsiyasının davamı hesab olunur. Konsepsiya brendin dəbdəbə və həyat tərzinə dair yanaşmasını avtomobil sənayesindən kənara çıxarmağı nəzərdə tutur. Maserati-nin baş icraçı direktoru Santo Fiçilinin sözlərinə görə, layihə həm mövcud müştərilərlə əlaqələri möhkəmləndirməyə, həm də yeni beynəlxalq auditoriyanı cəlb etməyə xidmət edəcək.

Qeyd edək ki, avtomobil markalarının daşınmaz əmlak bazarına marağı artır. Sentyabr ayında Bugatti ABŞ-da ilk yaşayış layihəsini elan edib. Daha əvvəl Porsche və Aston Martin kimi avtomobil istehsalçılarının adlarını daşıyan yaşayış kompleksləri də təqdim olunub.

MONETAR.AZ