Hər il noyabrın 11-də dünyanın müxtəlif ölkələrində Dünya Alış-veriş Günü qeyd olunur. Bu tarix onlayn platformaların və mağazaların genişmiqyaslı endirim kampaniyaları ilə yadda qalır.
Monetar.az xəbər verir ki, Dünya Alış-veriş Gününün tarixi Çində yaranan Subaylar Günü (Singles' Day) ilə bağlıdır. Əvvəlcə subay insanlar üçün simvolik tarix kimi qeyd olunan 11 noyabr sonradan qlobal alış-veriş kampaniyasına çevrilib. Bu prosesdə Çinin elektron ticarət şirkəti Alibaba mühüm rol oynayıb.
Tarixin seçilməsi də təsadüfi deyil. 11.11 tarixindəki dörd “1” rəqəmi subaylığı simvolizə edir. Zamanla bu tarix müxtəlif onlayn ticarət platformaları və pərakəndə satış şəbəkələri tərəfindən böyük endirim kampaniyalarının keçirildiyi gün kimi tanınıb.
Hazırda Dünya Alış-veriş Günü elektronika, geyim, məişət texnikası, kosmetika və digər məhsulların endirimlə təklif olunduğu əsas ticarət hadisələrindən biridir. Kampaniyalar həm satıcıların satışlarını artırmasına, həm də istehlakçıların daha sərfəli qiymətlərlə alış-veriş etməsinə imkan yaradır.
Bu gün həmçinin mağazalar və onlayn platformalar arasında rəqabəti gücləndirir, elektron ticarətin inkişafına təkan verir. Bir çox istehlakçı isə bu tarixdən bayram mövsümü öncəsi hədiyyə və digər ehtiyaclarını almaq üçün istifadə edir.
Bununla belə, mütəxəssislər endirimlər zamanı alış-verişə məsuliyyətlə yanaşmağı tövsiyə edirlər. Məhsulların əvvəlki və endirimli qiymətlərini müqayisə etmək, yalnız ehtiyac duyulan malları almaq və büdcəni əvvəlcədən müəyyənləşdirmək lazımsız xərclərin qarşısını almağa kömək edir.