Amazon şirkəti Böyük Britaniyada dronla çatdırılma xidmətini genişləndirmək üçün ölkənin Mülki Aviasiya İdarəsindən (CAA) təhlükəsizlik icazəsi alıb. Yeni qərar şirkətə İngiltərənin şimal-şərqində yerləşən Darlinqton şəhərində xidmət zonasını daha sıx məskunlaşmış ərazilərə doğru genişləndirməyə imkan verəcək.
Şirkətin çərşənbə axşamı yaydığı məlumata görə, əldə edilən icazə nəticəsində Amazon Prime Air xidmətinin potensial müştəri bazası Darlinqton rayonunda təxminən 600 nəfərdən 8 min nəfərə yüksələcək.
Amazon bu ilin əvvəlində Böyük Britaniyada dron vasitəsilə çatdırılma xidmətini işə salan ilk pərakəndə satıcı olub. İlkin mərhələdə Darlinqtonda həyata keçirilən sınaq uçuşları əsasən az məskunlaşmış əraziləri əhatə edib.
Amazon Prime Air Britaniyanın Mülki Aviasiya İdarəsindən SAIL 4 (Specific Assurance and Integrity Level 4) səviyyəli istismar icazəsi, eləcə də uçuşa yararlılıq təsdiqi əldə edib. Bu icazələr uçuşların təhlükəsizliyi və etibarlılığı ilə bağlı xüsusi tələblərin yerinə yetirildiyini təsdiqləyir.
Şirkət hesab edir ki, bu nailiyyət Böyük Britaniyada dronla çatdırılma xidmətinin daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq.
Amazon-un dronları uşaq bezləri və məişət əşyaları da daxil olmaqla gündəlik tələbat mallarını iki saatdan az müddətdə birbaşa müştərilərin ünvanına çatdıra bilir.
Britaniya Mülki Aviasiya İdarəsinin perspektiv təhlükəsizlik və innovasiyalar üzrə direktoru Sofi O’Sallivan bildirib ki, icazələrin verilməsi həm uçuş aparatlarının və əməliyyatların təhlükəsizliyini, həm də innovasiyaların və ölkənin aviasiya sənayesinin inkişafına yönəlmiş səyləri təsdiqləyir.
Amazon dronla çatdırılma xidmətinin inkişafını ABŞ-da da davam etdirir. Şirkətin planına əsasən, 2026-cı ilin sonunadək bu xidmət vasitəsilə ABŞ-ın təxminən 500 şəhər və yaşayış məntəqəsinin əhatə olunması nəzərdə tutulur.
Böyük Britaniyada yeni təhlükəsizlik icazəsinin alınması Amazon-un dron logistikasını genişləndirmək və çatdırılma prosesində alternativ texnologiyaların tətbiqini artırmaq strategiyasının növbəti mərhələsi hesab olunur.
MONETAR.AZ