“Şəmkir Tikinti Sənaye” ASC 2025-ci il üzrə illik hesabatını açıqlayıb.
Hesabata əsasən, cəmiyyət ötən il ərzində heç bir istehsal və ya xidmət fəaliyyəti həyata keçirməyib. Bununla yanaşı, nizamnaməyə əsasən şirkətin əsas fəaliyyət istiqamətləri müxtəlif növ məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsidir.
Sənəddə bildirilib ki, hesabat dövründə cəmiyyətin işçiləri olmayıb, yeni filial və ya nümayəndəlik yaradılmayıb, törəmə cəmiyyət təsis edilməyib və hər hansı lisenziya və ya icazə alınmayıb. Şirkət eyni zamanda heç bir şirkətlər qrupunun tərkibində fəaliyyət göstərməyib.
Cəmiyyətin Müşahidə Şurasının sədri Salehov Nahid Vahid oğlu, üzvü isə İsmayılov Səbuhi Məmmədiyyə oğludur. İcra orqanının rəhbəri direktor Qasımov Elçin Firdovsi oğludur.
Şirkətin 94 fiziki və 1 hüquqi şəxs səhmdarı var. Hüquqi şəxs səhmdar olan “AA Əmlak” MMC 686 min 798 ədəd adi adlı səhmə sahib olmaqla nizamnamə kapitalının 94,0761 faizini təşkil edir.
Səhmdarların ümumi yığıncağı 10 iyun 2026-cı ildə Şəmkir rayonunun Şeyidlər kəndində keçirilib. Yığıncaqda 2025-ci il üzrə illik hesabat təsdiqlənib, Müşahidə Şurasının üzvləri və sədri seçilib, həmçinin cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq dövlət orqanına müraciət edilməsi barədə qərar qəbul olunub.
Hesabata görə, cəmiyyətin dövriyyədə 730 min 45 ədəd adi adlı səhmi var. Hər bir səhmin nominal dəyəri 40 qəpik, buraxılışın ümumi nominal dəyəri isə 292 min 18 manat təşkil edir.
Şirkət 2025-ci ildə fəaliyyət göstərmədiyi və mənfəət əldə etmədiyi üçün səhmdarlara dividend ödənilməyib.
MONETAR.AZ