Sumqayıt Sənaye Parkında yeni istehsalat binaları tikiləcək

Sumqayıt Sənaye Parkında yeni istehsalat

Sumqayıt Sənaye Parkında yeni istehsalat binalarının və onların fəaliyyətini təmin edəcək mühəndis-kommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.

Monetar.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata əsasən, bununla bağlı parkın ərazisində layihə-smeta sənədləri hazırlanacaq.

Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçiriləcək. İşlər Sumqayıt Sənaye Parkında ayrılmış 2,29 hektar ərazini əhatə edəcək. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinin dəyəri 170 min manat təşkil edir.

Layihənin birinci mərhələsində ərazidə 3 istehsalat binasının yaradılması nəzərdə tutulur. Binalardan birinin sahəsi 1 728 kvadratmetr, digər iki binanın hər birinin sahəsi isə 1 920 kvadratmetr olacaq. Beləliklə, birinci mərhələdə ümumi sahəsi 5 568 kvadratmetr olan 3 istehsalat binasının tikintisi planlaşdırılır.

Layihənin növbəti mərhələsində isə daha 3 istehsalat binasının inşası nəzərdə tutulur. Bu binaların hər birinin sahəsinin 1 920 kvadratmetr olması planlaşdırılır. İkinci mərhələnin də həyata keçirilməsi ilə ərazidə istehsalat binalarının ümumi sayı 6-ya, onların ümumi sahəsi isə 11 328 kvadratmetrə çatacaq.

Yeni istehsalat sahələri ilə yanaşı, onların fəaliyyətini təmin etmək üçün ərazidə geniş mühəndis-kommunikasiya infrastrukturu da yaradılacaq. Burada daxili avtomobil yollarının və texniki yolların çəkilməsi, elektrik və su təchizatı şəbəkələrinin, kanalizasiya sistemlərinin, yanğınsöndürmə infrastrukturunun və rabitə sistemlərinin qurulması nəzərdə tutulur. Ərazidə xarici işıqlandırma sistemləri quraşdırılacaq və abadlıq işləri aparılacaq.

Elektrik enerjisi təchizatının dayanıqlılığının təmin edilməsi üçün ehtiyat enerji sistemi də yaradılacaq. Bu məqsədlə dizel generator qurğusunun, avtomatik ehtiyat enerji qoşulma sisteminin və generator üçün xüsusi meydançanın quraşdırılması planlaşdırılır.

İstehsalat binalarında içməli və texniki su təchizatı, məişət və yağış suları kanalizasiya sistemləri, həmçinin yanğın su təchizatı və yanğınsöndürmə sistemləri qurulacaq. Binaların rabitə, internet və digər zəif cərəyan sistemləri ilə təmin edilməsi də layihənin tərkib hissəsidir.

Ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin quraşdırılması, həmçinin nəzarət-buraxılış məntəqəsinin yaradılması nəzərdə tutulur. İstehsalat bloklarında sanitar qovşaqların, ümumi havalandırma sistemlərinin və digər zəruri kommunikasiyaların yaradılması da planlaşdırılır.

Birinci mərhələdə nəzərdə tutulan istehsalat binalarının dəmir-beton konstruksiyalardan inşa edilməsi və onların elektrik, su, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri ilə təmin olunması nəzərdə tutulur. İstehsalat məqsədləri üçün tələb olunan xüsusi havalandırma sistemlərinin isə gələcək icarəçilər tərəfindən ayrıca quraşdırılması planlaşdırılır.

Layihələndirmə zamanı ərazinin planlaşdırılması və hamarlanması, mühəndis-geoloji və topoqrafik işlərin aparılması, geoloji hesabatın hazırlanması, şəhərsalma əsaslandırmasının və müfəssəl baş planın hazırlanması da həyata keçiriləcək. Bundan əlavə, layihə çərçivəsində müəllif nəzarətinin həyata keçirilməsi və mümkün qədər yerli tikinti materiallarından istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.

Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektardır. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya həcmi 3,94 milyard ABŞ dollarına çatır. Burada yaradılması nəzərdə tutulan daimi iş yerlərinin sayı isə 6 134-dür.