Uber qidalanma xidmətləri üzrə fəaliyyət göstərən şirkəti satın alır

Uber qidalanma xidmətləri üzrə fəaliyyət göstərən şirkəti

“Uber Technologies Inc” ABŞ-da korporativ qidalanma və keyterinq xidmətləri üzrə fəaliyyət göstərən “ezCater Inc” şirkətini 2,3 milyard dollara satın alacaq.

Şirkətin açıqlamasına görə, sövdələşmə tamamilə nağd şəkildə həyata keçiriləcək. Satınalma başa çatdıqdan sonra “ezCater”in keyterinq əməliyyatları “Uber Eats”in istehlakçı və restoran şəbəkəsi, həmçinin “Uber for Business”in korporativ tərəfdaşlıqları ilə birləşdiriləcək.

2007-ci ildə yaradılan “ezCater” şirkətlər üçün keyterinq sifarişlərinin təşkilinə imkan verən platforma idarə edir. Platforma ABŞ üzrə 140 mindən çox restoranı müştərilərlə əlaqələndirir.

Şirkətin son 12 ayda ümumi bronlaşdırma həcmi 2,5 milyard dolları ötüb. Bu dövrdə biznes illik ifadədə 15-19% artım nümayiş etdirib və “non-GAAP” əməliyyat mənfəəti üzrə gəlir əldə edib.

Platformada orta sifariş məbləği 400 dollardan çoxdur. “ezCater” şirkətlərə qida sifarişlərini və xərcləri idarə etmək üçün alətlər, eləcə də sutka boyu müştəri dəstəyi təqdim edir.

“Uber”in baş icraçı direktoru Dara Xosrovşahi bildirib ki, keyterinq restoranlar üçün böyük gəlir mənbəyinə çevrilə biləcək istiqamətlərdən biridir. Onun sözlərinə görə, “Uber”in geniş müştəri bazası və infrastrukturu bu xidmətin daha çox istifadəçiyə çatdırılmasına və restoranların yüksək dəyərli sifarişlər əldə etməsinə imkan verəcək.

“ezCater”in baş icraçı direktoru Nihad Rəhman isə şirkətin “Uber”lə birləşməsindən məmnun olduqlarını və keyterinq sahəsindəki təcrübələrini “Uber”in müştəri, tərəfdaş və kuryer ekosisteminə inteqrasiya edəcəklərini bildirib.

Sövdələşmənin tənzimləyici orqanların təsdiqi və digər standart şərtlərin yerinə yetirilməsindən sonra yaxın aylarda tamamlanması gözlənilir. Satınalmanın “Uber”in marja göstəricilərinə müsbət təsir göstərəcəyi bildirilir.

MONETAR.AZ