Vergi müraciətləri azalır, amma suallar bitmir

Vergi müraciətləri azalır,

2026-cı ilin birinci rübü üzrə açıqlanan rəsmi statistika ilk baxışda müsbət mənzərə yaradır: vergi orqanlarına edilən müraciətlərin sayı azalıb. Ümumi göstərici 108 minə düşərək əvvəlki dövrlə müqayisədə 13,8 faiz azalma nümayiş etdirib. Lakin rəqəmlərin dərin təhlili göstərir ki, bu azalma sistemin sadələşməsi deyil, daha mürəkkəb və struktur problemlərin kölgədə qalması ilə bağlıdır.

Ən diqqətçəkən məqamlardan biri müraciətlərin 36,6 faizinin sadəcə izahat verilməsi ilə yekunlaşmasıdır. Bu fakt onu göstərir ki, vətəndaşlar və sahibkarlar konkret problem həllindən daha çox “nə etməliyəm?” sualına cavab axtarırlar. Başqa sözlə, vergi sistemi hələ də kifayət qədər aydın deyil və maarifləndirmə zəif qalır. İnsanlar qanunvericiliyi müstəqil şəkildə başa düşməkdə çətinlik çəkir və nəticədə dövlət qurumuna müraciət etmək məcburiyyətində qalır.

Digər mühüm problem şikayətlərin həll səviyyəsi ilə bağlıdır. Statistikaya görə, müraciətlərin 5,8 %-i şikayətlərdən ibarət olsa da, onların yalnız kiçik bir hissəsi  real həllini tapır. Lakin rəsmi məlumatda cəmi 1142 şikayətin həll edildiyi bildirilir. Bu isə ümumi şikayətlərin təxminən 18–20 faizinin nəticə verdiyini göstərir. Qalan müraciətlər ya əsassız sayılır, ya da formal izahatlarla bağlanır. Belə vəziyyət isə vergiödəyicilərində inamsızlıq yaradır və “şikayət etməyin faydası yoxdur” düşüncəsini gücləndirir.

Narazılıqların əsas mərkəzində isə kameral vergi yoxlamaları və artıq ödənilmiş vergilərin geri qaytarılması dayanır. Avtomatlaşdırılmış sistemlərin hesabladığı uyğunsuzluqlar tez-tez real vəziyyətlə üst-üstə düşmür və bu da sahibkarlarla sistem arasında ziddiyyət yaradır. Eyni zamanda, büdcəyə artıq ödənilmiş vəsaitlərin geri alınması prosesi hələ də çətin və vaxt aparan olaraq qalır.

Mövcud vəziyyət göstərir ki, əsas problem müraciətlərin sayında deyil, onların mahiyyətindədir. Vergi sistemi daha sadə, şəffaf və istifadəçi yönümlü olmalıdır. Bunun üçün ilk növbədə maarifləndirmə gücləndirilməli, qanunvericilik daha aydın və praktik formada izah olunmalıdır. Rəqəmsal platformalarda istifadəçi dostu alətlər, interaktiv bələdçilər və operativ dəstək mexanizmləri genişləndirilməlidir.

Bununla yanaşı, şikayət mexanizmi real nəticə verən və şəffaf şəkildə işləyən sistemə çevrilməlidir. Vergiödəyicilər müraciətlərinin hansı mərhələdə olduğunu aydın şəkildə izləyə bilməli və obyektiv qərar mexanizminə güvənməlidir. Kameral yoxlamalarda isə avtomatlaşdırma ilə insan nəzarəti arasında balans qorunmalı, sahibkarlara öz mövqelərini müdafiə etmək üçün daha əlçatan imkanlar yaradılmalıdır.

MONETAR.AZ