ABŞ-da dizel yanacağının pərakəndə qiyməti rekord həddə çatıb

ABŞ-da dizel yanacağının pərakəndə qiyməti

İran və Rusiyanın iştirak etdiyi münaqişələrin enerji bazarını sarsıtdığı bir vaxtda ABŞ-da dizel yanacağının pərakəndə qiyməti rekord səviyyəyə yüksəlib. Yanacağın bahalaşması enerji daşıyıcılarının yaratdığı inflyasiya təzyiqlərini daha da gücləndirmək riski yaradır. Bu barədə “Bloomberg” yazır.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, çərşənbə günü ABŞ üzrə dizelin orta pərakəndə qiyməti qalon üçün 5,85 dollara yüksəlmişdi. Bununla da qiymət 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki rekord səviyyəni ötüb. Bahalaşma qlobal tədarük qıtlığının pik tələbat mövsümü ərəfəsində dərinləşməsi ilə əlaqələndirilir.

Yaxın Şərqdə ABŞ və İran arasında münaqişə Hörmüz boğazından keçən daşımaları pozub. “TotalEnergies SE”nin rəhbəri Patrik Puyanne avqust ayında bu su yolundan “heç bir neft məhsulları tankerinin keçmədiyini” bildirib. Eyni zamanda, Rusiya Ukraynanın ölkənin neft emalı zavodlarına qarşı həyata keçirdiyi dron hücumlarının artmasından sonra dizel yanacağı ixracına tətbiq etdiyi qadağanı sentyabrın sonunadək uzadıb.

Dizelin bahalaşması istehlakçılar üçün əlavə yük yaratmaqla yanaşı, aralıq seçkilərə cəmi iki ay qalmış Ağ Ev üçün də siyasi çağırışa çevrilir. Yanacaq qiymətlərinin davamlı artması Federal Ehtiyat Sisteminin (FES) inflyasiyanı cilovlamaq səylərini də çətinləşdirə bilər.

ABŞ-da dizel də daxil olmaqla distillə olunmuş yanacaq ehtiyatları ilin bu dövrü üçün bütün müşahidə tarixində ən aşağı səviyyəyə düşüb. Dizellə əsasən eyni məqsədlər üçün istifadə olunan qızdırıcı yanacağa tələbatın yüksək olduğu Şərq sahilində ehtiyatlar da indiyədək qeydə alınmış ən aşağı səviyyədədir. İdxal yayın sonu üçün orta göstəricidən aşağı qalır, ixrac isə yüksək səviyyədədir.

ABŞ Prezidenti Donald Tramp neft emalçılarını istehsalı artırmağa, dizel və benzinin qiymətlərini aşağı salmağa çağırıb. Lakin ABŞ yanacaq istehsalçılarının hasilatı əhəmiyyətli dərəcədə artırmaq imkanları məhduddur.

Dizelin Ukraynada münaqişənin başlamasından sonra kəskin bahalaşdığı 2022-ci ildən fərqli olaraq, hazırkı artım tələbatın mövsümi olaraq pik həddə yaxınlaşdığı dövrdə yeni rekordlar müəyyənləşdirir. Şimal yarımkürəsində qızdırıcı mövsümü və məhsul yığımı başlayır, Cənub yarımkürəsində isə səpin kampaniyasına start verilir.

Çərşənbə günü ABŞ-ın vitse-prezidenti Cey Di Vens benzinin qiymətinin nə vaxt qalon üçün təxminən 3 dollara qayıdacağını proqnozlaşdırmaqdan imtina edib. Hazırda benzinin ölkə üzrə orta qiyməti 4 dollardan yüksəkdir. Vens yüksək qiymətlərin səbəbini İranın Hörmüz boğazındakı hücumları ilə əlaqələndirib:

“Fundamental reallıq bəllidir: indi benzinin qiymətinin bu qədər yüksək olmasının səbəbi iranlıların kommersiya gəmilərini atəşə tutmasıdır”.

MONETAR.AZ