“Bloomberg”in məlumatına görə, ABŞ-da dizel yanacağının pərakəndə satış qiymətləri İranla müharibənin ilk mərhələsində qeydə alınan pik həddi geridə qoyaraq 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə yüksəlib və tarixi rekorda yaxınlaşıb.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, çərşənbə günü ABŞ-da yanacaqdoldurma məntəqələrində dizelin orta qiyməti aprel ayında qeydə alınmış müharibə dövrünün pik səviyyəsini keçərək 1 qallon üçün 5,783 dollara çatıb. Beləliklə, qiymət 2022-ci ilin iyununda, enerji böhranı fonunda qeydə alınmış 5,816 dollarlıq tarixi maksimuma yaxınlaşıb.
Sürücülərə daha ucuz yanacaqdoldurma məntəqələrini tapmağa kömək edən “GasBuddy” platformasının neft analitikası şöbəsinin rəhbəri Patrik De Haanın sözlərinə görə, mövcud dinamika davam edərsə, dizelin qiyməti Əmək Gününə qədər yeni rekord səviyyəyə çata bilər.
Dizel bu il kəskin bahalaşıb. Yaxın Şərqdə davam edən münaqişə tədarükü məhdudlaşdırdığı halda, Ukrayna dronlarının Rusiyanın neft emalı zavodlarına (NEZ) təkrarlanan hücumları vəziyyəti daha da ağırlaşdırıb. Bunun fonunda Moskva dizel ixracına məhdudiyyətlər tətbiq edib. Bu ikiqat təzyiq yanacaq fyuçerslərini 2026-cı ildə “Bloomberg” əmtəə indeksində ən çox bahalaşan aktivlərdən birinə çevirərək qlobal inflyasiya təzyiqlərini gücləndirib.
Qlobal iqtisadiyyatın “işçi atı” adlandırılan dizel elektrik enerjisi və istilik istehsalından tutmuş nəqliyyat və kənd təsərrüfatına qədər bir çox sahə üçün mühüm yanacaqdır. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində qiymətlərin, xüsusilə də kəskin artmasının istehlakçıların inflyasiya gözləntilərinə və iqtisadi inamına təsir göstərməsi mümkündür.
Yanacağın qiymətindəki kəskin artım noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində yaşayış xərcləri ilə bağlı artan narahatlıqlarla üzləşən ABŞ Prezidenti Donald Tramp üçün də siyasi problem yaradır. Tramp bu həftənin əvvəlində neft emalı şirkətlərini ölkə daxilində dizel və benzin istehsalını artırmağa çağırıb.
Qlobal investorlar artıq Federal Ehtiyat Sisteminin (FED) inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini artırmağa hazır ola biləcəyi ehtimalını nəzərə alırlar. FED sədri Kevin Uorş qiymət artımının tempinin əhəmiyyətli dərəcədə zəifləmədiyini bildirib və siyasətçilərin bu vəziyyətə əmin olmaları üçün əlavə tədbirlərin görülməsinə ehtiyac yarana biləcəyinə işarə edib.
Enerji İnformasiyası İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da dizel ehtiyatları ilin bu dövrü üçün bütün tarix üzrə ən aşağı səviyyədədir. Sentyabrın yanacağa tələbatın pik dövrünün başlanğıcı olması nəzərə alınarsa, bu göstərici xüsusilə diqqət çəkir.
Vəziyyət ABŞ-ın Şərq sahilində daha kəskin xarakter alıb. Burada dizel ehtiyatları rekord aşağı səviyyəyə düşüb. Dizellə əvəzlənə bilən qızdırıcı mazut isə əsasən ölkənin şimal-şərqində istifadə olunur.
Yaxın Şərqdə Vaşinqtonla Tehran arasında qarşıdurma qlobal neft və LNG axınının, eləcə də sülh dövründə dünya üzrə neft məhsulları daşımalarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından ixracın məhdudlaşmasına səbəb olub. Ötən ay “TotalEnergies SE” şirkətinin rəhbəri Patrik Puyannenin sözlərinə görə, bu su yolundan “bir dənə də olsun neft məhsulları tankeri keçmir”.
MONETAR.AZ