Avropanın qaz anbarları 2027-ci ilin aprelində tamamilə boşala bilər

Avropanın qaz anbarları 2027-ci ilin aprelində

Avropanın yeraltı qaz anbarlarına qaz vurulmasının sürəti son dövrlərdə əhəmiyyətli dərəcədə azalıb. Handelsblatt qəzetinin Montel portalının hesablamalarına istinadən yaydığı məlumata görə, mövcud vəziyyət davam edərsə, Avropada qaz ehtiyatları 2027-ci ilin aprelində tamamilə tükənə bilər.

Analitiklərin hesablamalarına əsasən, Avropa İttifaqı ölkələri qaz anbarlarını qışa qədər 80 faiz doldurmaq üçün qarşıdakı 2,5 ay ərzində hər ay təxminən 142 maye təbii qaz (LNG) tankeri qəbul etməlidir. Hazırda isə Avropa terminallarına ayda orta hesabla 105 tanker gəlir.

Montel analitiki Yoahim Endress bildirib ki, mövcud geosiyasi vəziyyət fonunda ayda 140 tanker həcmində idxalın təmin edilməsi real görünmür.

Mövcud temp dəyişməzsə, noyabrın 1-dək Avropadakı qaz anbarlarının doluluq səviyyəsi cəmi 69 faiz təşkil edə bilər. Bu isə qış mövsümünün sonunda, təxminən 2027-ci ilin aprelində ehtiyatların kritik həddə enməsi riskini artırır.

 

Qazın qiyməti yüksək olaraq qalır

 Qaz anbarlarını idarə edən şirkətlər əsasən bazar prinsipləri əsasında fəaliyyət göstərirlər. Onlar adətən yay aylarında qazı daha ucuz qiymətə alır, qışda isə daha yüksək qiymətə satırlar.

 Lakin ABŞ-İran münasibətlərindəki gərginlik fonunda maye təbii qaz tədarükünün azalması qiymətlərin yüksək qalmasına səbəb olub. Şirkətlər hazırda baha qiymətə qaz alıb, geosiyasi vəziyyət yaxşılaşdıqdan sonra qiymətlərin kəskin düşməsi riskindən ehtiyat edirlər.

 Avropa həmçinin Asiya ölkələri ilə LNG uğrunda rəqabətlə üzləşir. Asiyadakı alıcıların daha yüksək qiymət təklif etməsi qaz tədarükünün bir hissəsinin Avropadan bu regiona yönəlməsinə səbəb olur.

 Ekspertlərin fikrincə, Avropanın kifayət qədər qaz toplaması üçün alış qiymətlərinin əvvəlki səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə artırılması lazım gələ bilər. Bu isə nəticədə elektrik enerjisi və istilik xərclərinin artmasına səbəb ola bilər.

 

Avropa ABŞ qazından daha çox asılı vəziyyətə düşür

 ICIS konsaltinq şirkətinin analitiki Andreas Şröder hesab edir ki, qaz ehtiyatlarının aşağı olması Avropanı yeni tədarük problemlərinə qarşı daha həssas edir.

 Ekspert mümkün geosiyasi gərginliklər və Norveçdən qaz nəqlində yarana biləcək fasilələrin vəziyyəti daha da çətinləşdirə biləcəyini bildirib.

 Şröderin sözlərinə görə, belə vəziyyətdə Avropa ABŞ-dan LNG tədarükündən əvvəlkindən daha çox asılı vəziyyətə düşə bilər. 2025-ci ildə ABŞ-dan gətirilən LNG Avropanın ümumi LNG idxalının 57 faizini, regionun ümumi qaz istehlakının isə təxminən dörddə birini təşkil edib.

 Ekspertin fikrincə, qaz ehtiyatlarının aşağı səviyyədə qalması Avropanı ABŞ-dan LNG tədarükündə yarana biləcək problemlərə qarşı xüsusilə həssas edir.

MONETAR.AZ