“NOVATEK” şirkəti Vyetnamda LNG (mayeləşdirilmiş təbii qaz) terminallarının tikintisini başa çatdıran özəl şirkətlərə qaz tədarükünü müzakirə edir. TASS-ın məlumatına görə, bunu şirkətin rəhbəri Leonid Mixelson Vladivostokda keçirilən Şərq İqtisadi Forumu – 2026 çərçivəsində bildirib.
Danışıqlar Asiyada alternativ tədarük mənbələrinə tələbatın kəskin artdığı bir dövrə təsadüf edir. Qətərdən tədarüklə bağlı fors-major vəziyyət fonunda Asiyada LNG-nin spot qiymətləri 1 milyon Britaniya istilik vahidi (BTU) üçün 23 dolları ötüb. Təklifin məhdudlaşması Rusiya qazını kommersiya baxımından daha cəlbedici edir.
Rusiyanın ən böyük LNG istehsalçısı və “Yamal LNG”, “Arktik LNG 2” və “Portovaya” layihələrinin operatoru olan “NOVATEK” Asiya bazarlarına daha fəal yönəlməyə məcburdur. Avropa İttifaqı 25 aprel 2026-cı ildən etibarən Rusiya LNG-sinin qısamüddətli müqavilələr üzrə, 1 yanvar 2027-ci ildən isə uzunmüddətli müqavilələr üzrə idxalını qadağan edib. Bu isə şirkətin Avropa bazarına çıxışını faktiki olaraq məhdudlaşdırır.
Vyetnam “NOVATEK” üçün perspektivli, eyni zamanda rəqabətli satış bazarlarından birinə çevrilə bilər. “LNG Journal”ın məlumatına görə, dövlətə məxsus “PV Gas” şirkəti 2026-cı ilin yanvarında “Shell” ilə Thi Vai terminalına 2027–2031-ci illərdə hər il təxminən 400 min ton LNG tədarükünü nəzərdə tutan ilk uzunmüddətli müqaviləni imzalayıb. Şirkət eyni zamanda potensial tədarükçülərə 2027-ci ilin yanvarından başlayaraq illik 250–450 min ton həcmində əlavə LNG tədarükü ilə bağlı sorğular göndərib. “NOVATEK” də məhz bu imkan çərçivəsində Vyetnam bazarında pay uğrunda mübarizə apara bilər.
Paralel olaraq, Hınq Yen əyalətində 1,5 QVt gücündə “Thai Binh LNG Power” layihəsi inkişaf etdirilir. İsveçin “AFRY” mühəndislik şirkəti üzən LNG terminalı və kombinə edilmiş qaz-turbin elektrik stansiyası da daxil olmaqla, dəniz və sahil LNG infrastrukturu üzrə texniki məsləhətçi təyin edilib.
Mixelson danışıqlar aparılan konkret şirkətlərin adlarını, tədarük həcmlərini və qiymət şərtlərini açıqlamayıb. Tədarükün hansı layihələr üçün nəzərdə tutulduğu və bunun mövcud sanksiya rejimləri ilə necə uzlaşacağı da məlum deyil.
Bununla belə, aparılan danışıqlar Rusiya ilə Vyetnam arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətindəki ümumi tendensiyaya uyğundur. Şərq İqtisadi Forumu – 2026 çərçivəsində Vyetnamın maliyyə naziri ilə görüşdə Rusiyanın Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin baş idarə rəisinin birinci müavini Vitali Altabayev bildirib ki, Uzaq Şərq Federal Dairəsinin Vyetnamla ticarət dövriyyəsi 2026-cı ilin ilk yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,7% artıb.
MONETAR.AZ