İyulun 29–31-də Dövlət İmtahan Mərkəzi tərəfindən Mərkəzin Elektron İmtahanlar Korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq.
Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edəcək.
Sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin təhsil imkanları ilə tanış etmək və onlara düzgün seçim etməyə dəstək göstərməkdir.
Ziyarətçilər ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq qəbul qaydaları, tədris proqramları, maddi-texniki baza, təhsil haqları və digər mövzularla bağlı suallarını ünvanlaya biləcəklər. Sərgi çərçivəsində universitetlərin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları barədə təqdimatlar da keçiriləcək.
Tədbirdə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.
Sərgidə iştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı ziyarət üçün uyğun tarix və saat seçmək mümkündür.
Qeydiyyat: DİM-in sərgi qeydiyyat portalı
Sərgi Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusu ünvanında keçiriləcək.