Çin ABŞ-ın Çin mənşəli məhsullara məcburi əmək iddiaları əsasında tətbiq etdiyi yeni tariflərə kəskin etiraz edib. Pekin Vaşinqtonu birtərəfli ticarət məhdudiyyətlərini ləğv etməyə çağıraraq, bu addımların beynəlxalq ticarət prinsiplərinə zidd olduğunu bəyan edib.
Çin Ticarət Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın Ticarət Qanununun 301-ci Bölməsi (Section 301) çərçivəsində tətbiq etdiyi əlavə rüsumlar əsassızdır və iki ölkə arasında iqtisadi əməkdaşlığa mənfi təsir göstərir.
Nazirlik vurğulayıb ki, Çin fikir ayrılıqlarının qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında dialoq yolu ilə həllinin tərəfdarıdır və bu məqsədlə ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.
Rəsmi Pekin eyni zamanda bəyan edib ki, Vaşinqtonun növbəti addımlarını diqqətlə izləyəcək və yaranacaq vəziyyətdən asılı olaraq milli maraqlarını qorumaq üçün zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
ABŞ administrasiyası son günlər məcburi əməyin qarşısının alınması məqsədilə bir sıra ölkələrə, o cümlədən Çinə qarşı yeni tariflər tətbiq edib. Bu qərar iki ölkə arasında onsuz da gərgin olan ticarət münasibətlərində növbəti mübahisə mövzusuna çevrilib.
MONETAR.AZ