SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi əvəzsiz platformadır

SOCAR-ın vitse-prezidenti: Bakı Yay Enerji Məktəbi

Dünyada son 20 il ərzində geosiyasi, makroiqtisadi, texnoloji və enerji sahələrində bir-biri ilə sıx bağlı çoxsaylı dəyişikliklər baş verib. Enerji sektoru da bu proseslərin mərkəzində yer alır. SOCAR qlobal dəyişiklikləri diqqətlə izləyir və yeni çağırışlara çevik şəkildə uyğunlaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, şirkət bu məqsədə strategiyasını müasir tələblərə uyğunlaşdırmaq, innovasiyaları tətbiq etmək və dayanıqlı inkişaf prinsiplərini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirməklə nail olur.

“SOCAR öz fəaliyyətində Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf strategiyasını, sənaye siyasətini və ölkənin iqtisadi inkişaf prioritetlərini rəhbər tutur. Şirkət üzərinə düşən böyük məsuliyyəti dərk edərək bu strateji hədəflərin həyata keçirilməsinə mühüm töhfə verir”, – deyə Ziba Mustafayeva bildirib.

SOCAR-ın vitse-prezidenti Bakı Yay Enerji Məktəbinin iştirakçılarını bu imkandan maksimum yararlanmağa çağırıb.

“Bu proqram yalnız yeni biliklər əldə etmək üçün deyil, həm də beynəlxalq mühitdə fərqli baxışlarla tanış olmaq, fikir və təcrübə mübadiləsi aparmaq, peşəkar əlaqələr qurmaq və gələcək əməkdaşlıqların təməlini qoymaq üçün əvəzsiz platformadır. Burada əldə edəcəyiniz biliklər və quracağınız əlaqələr təkcə gələcək karyeranıza deyil, həm də cəmiyyət üçün dəyər yaratmaq bacarığınıza töhfə verəcək”, – deyə o əlavə edib.