Çində istehsalçı inflyasiyası son 4 ilin maksimumuna çatıb

Çində istehsalçı inflyasiyası son 4 ilin

Çində iyun ayında istehlak inflyasiyası zəiflədiyi halda, istehsalçı qiymətlərinin inflyasiyası son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu, dünyanın ikinci ən böyük iqtisadiyyatında qiymət təzyiqlərinin hələ də qeyri-bərabər xarakter daşıdığını göstərir.

Bu gün açıqlanan rəsmi məlumatlara görə, İstehlak Qiymətləri İndeksi iyun ayında illik müqayisədə 1,0% artıb. Bu göstərici bazarın gözlədiyi 1,1%-dən aşağı olub və may ayında qeydə alınan 1,2%-lik artımla müqayisədə inflyasiyanın zəiflədiyini göstərib.

Aylıq müqayisədə isə istehlak qiymətləri maydakı 0,1%-lik azalmadan sonra iyunda 0,3% geriləyib. Halbuki analitiklər 0,2%-lik eniş proqnozlaşdırırdılar.

“Capital Economics” analitiklərinin fikrincə, inflyasiyanın zəifləməsi əsasən enerji daşıyıcılarının qiymət artımının yavaşıması ilə əlaqədardır. Bununla yanaşı, baza inflyasiyasının da azalması Çin iqtisadiyyatında deflyasiya meyllərinin davam etdiyini göstərir.

Bunun əksinə olaraq, İstehsalçı Qiymətləri İndeksi iyunda illik ifadədə 4,1% artaraq iqtisadçıların proqnozlarına uyğun gəlib. Bu göstərici may ayındakı 3,9%-lik artımı üstələyib və 2022-ci ilin iyul ayından bəri qeydə alınan ən yüksək səviyyə olub.

Analitiklər bildirirlər ki, bu yüksəliş əsasən aşağı baza effekti ilə bağlıdır. Aylıq müqayisədə isə istehsalçı qiymətlərinin artım tempi apreldəki 1,7%-lik pik səviyyədən sonra iyunda 0,3% azalıb və son bir ilin ən aşağı göstəricisini qeydə alıb.

Ekspertlərin sözlərinə görə, müəssisədənçıxış qiymətləri əksər sənaye sahələrində, xüsusilə neft emalı və kimya sektorunda geriləyib. Qiymət artımının nəzərəçarpacaq dərəcədə davam etdiyi əsas sahə isə elektronika olub. Bu, süni intellekt texnologiyalarına artan tələbat fonunda yaddaş çiplərinin çatışmazlığı ilə əlaqələndirilir.

Son statistik göstəricilər göstərir ki, istehsalçı qiymətlərindəki artım sənaye sektorunda deflyasiya risklərini müəyyən qədər azaltsa da, daxili istehlakın dəstəklənməsi üçün əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac qalır.

“Capital Economics” hesab edir ki, ABŞ və İran arasında son gərginlik yaxın perspektivdə inflyasiyaya müəyyən yüksəldici təsir göstərə bilər. Lakin bu təsirin əsasən enerji ilə əlaqəli məhdud sahələri əhatə edəcəyi və enerji tədarükü normallaşdıqdan sonra inflyasiyanın yenidən sıfıra yaxın səviyyələrə qayıdacağı gözlənilir.

MONETAR.AZ