Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar–iyun aylarına dair rəsmi makroiqtisadi göstəricilər ölkədə investisiya fəallığının artdığını göstərir. Statistik məlumatlara əsasən, cari ilin ilk yarısında əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 9 milyard 295,2 milyon manat təşkil edib.
İnvestisiyaların strukturunda qeyri-neft-qaz sektoru üstün mövqeyini qoruyub. Hesabat dövründə bu sahəyə yönəldilən investisiyaların həcmi real ifadədə 5,5 faiz artaraq 6 milyard 131,6 milyon manata çatıb. Vəsaitlərin əsas hissəsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinə, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına, logistika mərkəzlərinin yaradılmasına, sənaye zonalarının inkişafına və alternativ enerji layihələrinə yönəldilib.
Yarımillik göstəricilərdə diqqət çəkən əsas məqamlardan biri iyun ayında müşahidə olunan dönüş olub. Belə ki, yanvar–may aylarının nəticələrinə görə əsas kapitala investisiyalar 2,1 faiz azalmış, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 14,7 faiz geriləmişdi. Lakin iyun ayında dövlət investisiya proqramları üzrə maliyyələşmənin sürətlənməsi, infrastruktur layihələrinin icrasının genişlənməsi və özəl sektorun investisiya aktivliyinin artması nəticəsində ümumi yarımillik göstəricilər müsbət dinamikaya keçərək 13,8 faizlik artımla yekunlaşıb.
MONETAR.AZ