ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a verilməsi ilə bağlı dəfələrlə səsləndirdiyi fikirlər və adanı güc yolu ilə ələ keçirmə ehtimalı ilə bağlı açıqlamaları NATO daxilində gərginliyə səbəb olub. MONETAR.AZ xəbər verir ki, Associated Press (AP) agentliyinin təhlilinə görə, Qrenlandiyanın əsas əhəmiyyəti onun strateji coğrafi mövqeyi ilə bağlıdır.
Tramp bildirib ki, Qrenlandiya ABŞ üçün vacibdir və bu ada təkcə Amerikanın deyil, bütün dünyanın təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ada Rusiya və Çindən gələn mümkün təhdidlərin qarşısını almaq üçün mühüm rol oynaya bilər. Lakin AP qeyd edir ki, bu iddiaları təsdiqləyən konkret sübutlar yoxdur.
Qrenlandiya Kanadanın şimal-şərq sahillərində yerləşir və ərazisinin üçdə ikisindən çoxu Şimal qütb dairəsinin daxilindədir. Məhz bu mövqeyi səbəbindən ada hələ İkinci Dünya müharibəsindən etibarən Şimali Amerikanın müdafiə sistemində mühüm yer tutub. Həmin dövrdə ABŞ Almaniyanın adanı ələ keçirməsinin qarşısını almaq və Şimali Atlantikadakı mühüm dəniz yollarını qorumaq üçün burada hərbi qüvvələr yerləşdirib.
Soyuq müharibədən sonra Arktika uzun müddət beynəlxalq əməkdaşlıq zonası kimi qalıb. Lakin iqlim dəyişiklikləri nəticəsində buzlaqların azalması bölgəyə marağı yenidən artırıb. Bu proses Şimal-Qərb dəniz yolunun beynəlxalq ticarət üçün daha əlçatan olmasına və Arktikadakı təbii ehtiyatlar uğrunda rəqabətin güclənməsinə səbəb ola bilər.
Qrenlandiyanın digər mühüm üstünlüyü isə zəngin nadir torpaq metalları ehtiyatlarına malik olmasıdır. Bu metallar smartfonlar, kompüterlər, batareyalar və yüksək texnologiyalı məhsulların istehsalında istifadə olunur.
AP-nin məlumatına görə, ABŞ və digər Qərb ölkələri Çin tərəfindən böyük ölçüdə nəzarət edilən strateji minerallar bazarından asılılığı azaltmağa çalışdıqları üçün Qrenlandiyanın ehtiyatlarına xüsusi maraq göstərirlər.
Bununla belə, Qrenlandiya hakimiyyəti adanın gələcəyini yalnız yerli sakinlərin müəyyən etməli olduğunu bildirərək ABŞ-ın bu istiqamətdəki planlarına qarşı çıxır. Danimarka da Trampın təşəbbüslərini qəbul etməyib. Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi hesab olunur.