ING qlobal iqtisadiyyatın 2026-cı ilin ikinci yarısında daha sabit inkişaf edəcəyini, bazarlarda isə mərkəzi bankların faiz qərarları, enerji qiymətləri və geosiyasi proseslərin əsas gündəm mövzusu olacağını proqnozlaşdırır. MONETAR.AZ xəbər verir ki, bu barədə bankın yeni hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyatın bərpası əsasən Yaxın Şərqdəki hadisələrin inkişafından asılı olacaq.
ING-in Makro Araşdırmalar Direktoru Karsten Brjeski bildirib ki, mərkəzi banklar inflyasiya ilə mübarizədə çətin seçim qarşısındadır. Onun sözlərinə görə, əlavə faiz artımları iqtisadi siyasətdə səhv addıma çevrilə, faizlərin dəyişdirilməməsi isə etibarlılıq baxımından risk yarada bilər.
Bank hesab edir ki, Avropa Mərkəzi Bankı ehtiyat məqsədilə daha bir faiz artımına gedə bilər, digər aparıcı mərkəzi bankların isə gözləmə mövqeyində qalacağı gözlənilir.
Neft qiymətləri üzrə proqnoz aşağı salındı
ING Hörmüz boğazında neft daşımalarının gözləniləndən daha tez normallaşmasını nəzərə alaraq Brent markalı neft üzrə proqnozunu aşağı istiqamətdə yeniləyib.
Bankın qiymətləndirməsinə görə, 2026-cı ilin üçüncü rübündə Brent neftinin orta qiyməti bir barel üçün 80 dollar, dördüncü rübdə isə 74 dollar olacaq. Bununla yanaşı, ABŞ və İran arasında gərginliyin yenidən artmasının bu proqnoza risk yaratdığı vurğulanıb.
Dollar zəifləyə bilər
ING ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2027-ci ilin yayına qədər uçot dərəcəsini dəyişməyəcəyini gözləyir. Bank hesab edir ki, aşağı enerji qiymətləri və inflyasiya təzyiqlərinin zəifləməsi fonunda dolların ilin sonuna və 2027-ci ilə doğru tədricən dəyər itirəcəyi ehtimalı yüksəkdir.
Hesabatda ilin sonunda avronun dollara nisbətdə 1,18 səviyyəsinə, dolların isə Yapon yeni qarşısında 158 səviyyəsində olacağı proqnozlaşdırılıb.
Çin iqtisadiyyatı ilə bağlı gözləntilər
ING 2026-cı ilin ilk yarısında Çin iqtisadiyyatının təxminən 4,8% böyüyəcəyini gözləyir. Bank hesab edir ki, iqtisadi göstəricilər zəifləyərsə, Çin hakimiyyəti əlavə stimullaşdırıcı tədbirlərə əl ata bilər. Həmçinin Çin Mərkəzi Bankının üçüncü rübdə faiz dərəcəsini endirəcəyi proqnozlaşdırılır.