İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, ABŞ sanksiyaları və hərbi-dəniz blokadasının təsiri nəticəsində ölkənin xarici ticarət dövriyyəsi təxminən 35% azalıb. Reuters agentliyinin eksklüziv məlumatına görə, Tehran rəhbərliyi müharibənin başlanmasından altı ay sonra artan iqtisadi təzyiqi açıq şəkildə etiraf edib.
İranın ali rəhbəri ayətullah Müctəba Xamenei hökuməti pisləşən iqtisadi vəziyyətin, o cümlədən yüksək inflyasiya, işsizlik və bahalaşmanın qarşısını almaq üçün daha təsirli addımlar atmağa çağırıb. Rəsmi məlumatlara görə, ölkədə illik inflyasiya ötən ay 66%-ə çatıb.
Bu açıqlamalar Tramp administrasiyasının Vaşinqtonun "iqtisadi D-Day" adlandırdığı strategiya çərçivəsində İrana qarşı maliyyə təzyiqini daha da gücləndirdiyi bir vaxta təsadüf edir.
ABŞ digər ölkələrə İranla işgüzar əlaqələri davam etdirdikləri təqdirdə ikincili sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi İranın əsas ticarət tərəfdaşları olan Çin və Hindistana qarşı hələlik yeni məhdudiyyətlər tətbiq etməyib.
Vaşinqton İranla əməkdaşlığı əsas gətirərək Misirin Banque Misr bankına qarşı sanksiyalar elan edib və bankın BƏƏ-dəki filiallarının ABŞ dolları ilə əməliyyat aparmasının məhdudlaşdırılmasını təklif edib. Misir Mərkəzi Bankı məsələ ilə bağlı ABŞ rəsmiləri ilə danışıqlar apardığını təsdiqləyib.
ABŞ Maliyyə Nazirliyi, həmçinin, İranın Bank Melli bankı ilə əlaqəli Honkonqda qeydiyyatdan keçmiş bir təşkilata və bir fiziki şəxsə qarşı da sanksiyalar tətbiq edib.
Pezeşkiyanın sözlərinə görə, sanksiyalar və blokada nəticəsində İranın həm idxalı, həm də ixracı təxminən 35% azalıb. Bununla belə, Vaşinqtonla iyun ayında əldə olunan və İran neftinin ixracına müvəqqəti imkan verən qısamüddətli razılaşma dövründə ölkə təxminən 90 milyon barel neft ixrac edə bilib.
Münaqişənin diplomatik yolla həlli istiqamətində də səylər davam edir. Çərşənbə axşamı Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Tehranda İran rəsmiləri ilə görüşərək Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin bərpasını müzakirə edib.
İranın xarici işlər naziri Abbas Əraqçı danışıqları "konstruktiv" adlandırıb.
Qətər və Pakistan iyun ayında qısamüddətli atəşkəs razılaşmasının əldə olunmasında vasitəçi rolunu oynamışdı. Lakin sonradan Hörmüz boğazının statusu ilə bağlı fikir ayrılıqları səbəbindən həmin razılaşma qüvvədən düşüb.
Bu strateji dəniz marşrutu ətrafında gərginlik hələ də yüksək olaraq qalır. ABŞ hərbi rəsmiləri Hörmüz boğazının İranın yerləşdirdiyi dəniz minalarından təmizləndiyini və gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini bildirirlər. Prezident Donald Tramp da dəfələrlə boğazın beynəlxalq gəmiçilik üçün açıq olduğunu bəyan edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cümə günü bu açıqlamaları təkzib edərək, İranın razılığı olmadan heç bir gəminin Hörmüz boğazından sərbəst keçə bilməyəcəyini bildirib.
İlkin gəmiçilik məlumatlarına əsasən, çərşənbə axşamı Hörmüz boğazından cəmi 7 yük gəmisi keçib. Müqayisə üçün, əvvəlki gün bu göstərici 17 gəmi, son 10 gün üzrə orta göstərici isə 15 gəmi olub ki, bu da marşrut üzrə hərəkətin hələ də normal səviyyədən aşağı qaldığını göstərir.
MONETAR.AZ