ABŞ-də ölkə Prezidenti Donald Trampın imzası yer alan xüsusi buraxılış 100 dollarlıq əskinasların çapına başlanılıb.
MONETAR.AZ xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.
Nazir yeni əskinasların çap vərəqini nümayiş etdirərək bildirib ki, Tramp imzanı xüsusi markerlə atıb. Onun sözlərinə görə, ABŞ dollarına marağın artması ölkə büdcəsi üçün müsbət nəticələr verə bilər.
"ABŞ-də və dünyanın müxtəlif ölkələrində insanlar nə qədər çox nağd dollar saxlamaq istəsələr, bu, büdcəmiz üçün bir o qədər faydalı olacaq. Düşünürəm ki, insanlar prezidentin imzası olan əskinasları saxlamağa üstünlük verəcəklər", – deyə Bessent bildirib.
Məlumata görə, ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə buraxılan xüsusi 100 dollarlıq əskinaslarda ilk dəfə prezidentin imzasına yer verilib. Adətən ABŞ əskinaslarında yalnız maliyyə naziri və ölkə xəzinədarının imzaları olur.
Bessent həmçinin Donald Trampın portretinin xatirə xarakterli gümüş sikkələrin üzərində də əks etdirilməsinin planlaşdırıldığını bildirib.
Donald Tramp isə öz növbəsində imzasının 100 dollarlıq əskinasda yer almasını böyük şərəf hesab etdiyini deyib.
Qeyd edək ki, söhbət ABŞ-ın 250 illiyi münasibətilə hazırlanan xüsusi buraxılışdan gedir. ABŞ-də dövriyyədə olan standart 100 dollarlıq əskinasların dizaynı və üzərindəki rəsmi imzalar dəyişməyib.