"AccessBank" 2026-cı ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Bank hesabat dövrünü mənfəətlə başa vursa da, balans göstəricilərinin dərindən təhlili resurs təminatında müəyyən risklərin və disbalansın formalaşdığını göstərir.
Hesabata əsasən, AccessBank 2026-cı ilin ilk 6 ayında xalis mənfəətini ötən ilin müvafiq dövri ilə müqayisədə 34,4 % və ya 7,2 milyon manat artıraraq 28,1 milyon manata çatdırıb. Bankın faiz gəlirləri 16,4 % artaraq 141,3 milyon manat, xalis faiz gəlirləri isə 84,9 milyon manat təşkil edib. Lakin bankın qeyri-faiz gəlirlərinin cəmi 8,6 milyon manat olması diqqət çəkir. Bu, ümumi gəlirlərin yanında olduqca kiçik bir paydır və bankın komissiya, rəqəmsal xidmətlər və digər qeyri-faiz mənbələrindən gəlir əldə etmək potensialının zəif olduğunu, gəlirlərin demək olar ki, tamamilə kredit faizlərindən asılı qaldığını nümayiş etdirir.
Bankın cəmi kredit portfeli 12,8 % (156,8 milyon manat) artaraq 1 milyard 381,4 milyon manata yüksəlib və bunun 75,4 %-i (1 milyard 42,1 milyon manat) biznes kreditlərinin payına düşüb. Real sektorun maliyyələşməsi fonunda müsbət addım kimi qiymətləndirilən bu artım daxili resurslarla təmin olunmur.
Belə ki, hesabat dövründə bankın depozit portfeli cəmi 1,7 % və ya 17,7 milyon manat artaraq 1 milyard 084,6 milyon manat olub. Kredit portfelinin 156,8 milyon manat artdığı bir şəraitd, depozitlərin cəmi 17,7 milyon manat artması ciddi disbalansdan xəbər verir.
Daxili depozit bazarındakı passivliyi kompensasiya etmək üçün AccessBank cari ilin birinci yarısında beynəlxalq maliyyə qurumlarından 47,3 milyon manat həcmində xarici kredit cəlb etməyə məcbur olub. Portfelin böyüməsinin daxili yığımlar deyil, xarici borclanma hesabına maliyyələşməsi bankın xarici kreditorlardan asılılığını artırır.
Bankın məcmu kapitalı 12% artaraq 262,6 milyon manata çatıb. Maraqlıdır ki, kapitalın nominal artımı (28,2 milyon manat) demək olar ki, bankın xalis mənfəəti (28,1 milyon manat) qədərdir. Bu isə o deməkdir ki, qazanılan mənfəətin demək olar ki, hamısı kapitalın daxili imkanlarla gücləndirilməsinə yönəldilib və səhmdarlara dividend ödənişi sual altında qalıb.
Müsbət məqam kimi bankın likvidlik mövqeyinin qorunması qeyd edilə bilər. Ancaq 82,2 %-lik likvidlik əmsalı Azərbaycan Mərkəzi Bankının minimum normativindən 2,7 dəfə yüksək olsa da, resurs strukturundakı disbalans və xarici borcun payının artması fonunda bu likvidliyin nə dərəcədə optimallaşdırılacağı növbəti rüblərdə məlum olacaq.
MONETAR.AZ