Ekspressbankdan növbəti şikayət: Kredit ödənişi vaxtında silinmədi

Ekspressbankdan növbəti şikayət:

Ekspressbankda kredit ödənişlərinin gec silinməsi ilə bağlı narazılıq yenidən gündəmə gəlib.

Redaksiyamıza müraciət edən növbəti Ekspressbank müştərisi bildirib ki, kredit ödənişi üçün tələb olunan məbləği ödəniş tarixində əvvəlcədən cari hesabına yerləşdirməsinə baxmayaraq, vəsait yenə də vaxtında kredit hesabına yönləndirilməyib.

Müştərinin sözlərinə görə, hesabında aylıq ödənişi tam qarşılayacaq məbləğ olsa da, mobil tətbiqdə kredit borcu gün ərzində aktiv olaraq qalıb və avtomatik silinmə baş verməyib. O iddia edir ki, yalnız növbəti gün vəsait kredit ödənişi kimi silinib.

Müştəri hesab edir ki, belə halların təkrarlanması kredit ödənişlərinin vaxtında yerinə yetirilməsi ilə bağlı suallar yaradır. Onun fikrincə, ödəniş tarixində hesabda kifayət qədər vəsait olduğu halda silinmənin növbəti günə qalması sistemdə texniki gecikmə təəssüratı yaradır və müştərilərdə kredit tarixçəsinə mümkün təsirlə bağlı narahatlıq formalaşdırır.

Xatırladaq ki, daha əvvəl də oxşar məzmunlu şikayət redaksiyamıza daxil olmuşdu. Həmin vaxt Ekspressbank sorğumuza cavab olaraq bildirmişdi ki, bankın sistem qaydalarına əsasən kredit ödənişləri avtomatik şəkildə ödəniş günü iş saatlarının sonunadək silinir.

Lakin son müraciət göstərir ki, bəzi müştərilər bu mexanizmin praktik tətbiqi ilə bağlı problemlərin davam etdiyini bildirirlər.

Qeyd edək ki, bazarda fəaliyyət göstərən bir sıra banklarda kredit ödənişləri hesabda vəsait yarandıqdan qısa müddət sonra avtomatik icra edilir. Buna görə də vəsaitin hesaba daxil olması ilə kredit ödənişinin sistemdə bağlanması arasında yaranan zaman fərqi müştərilər tərəfindən həssas qarşılanır.

MONETAR.AZ