ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller bu həftə açıqlanacaq baza inflyasiya göstəricisinin yüksək olacağı təqdirdə, tənzimləyicinin yaxın müddətdə pul-kredit siyasətini daha da sərtləşdirməyi nəzərdən keçirə biləcəyini bildirib.
MONETAR.AZ xəbər verir ki, Kristofer Uoller Nyu-York Biznes İqtisadiyyatı Assosiasiyasında çıxışı zamanı ABŞ iqtisadiyyatının vəziyyəti və pul-kredit siyasətinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, gömrük rüsumlarının mal qiymətlərinə təsiri və Yaxın Şərqdə davam edən münaqişələrin enerji daşıyıcılarının qiymətlərini artırmasına baxmayaraq, ev təsərrüfatlarının və biznesin xərcləri dayanıqlığını qoruyur. Uoller əmək bazarının da FED-in hədəflərinə uyğun sabit vəziyyətdə qaldığını vurğulayıb.
FED rəsmisi qeyd edib ki, hazırda inflyasiya və pul-kredit siyasəti baxımından həlledici mərhələ yaranıb. Onun fikrincə, əsas sual baza inflyasiyasının yüksəlişini davam etdirəcəyi, yoxsa yenidən FED-in 2 faiz hədəfinə doğru enişə başlayacağıdır.
Uoller bildirib ki, bu həftə açıqlanacaq baza inflyasiya göstəricisi yenidən yüksək olarsa, Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə (FOMC) yaxın müddətdə faiz dərəcələrinin artırılmasını müzakirə edə bilər.
O, həmçinin vurğulayıb ki, tənzimləyici inflyasiya ilə mübarizədə nə vaxtından əvvəl sərt addımlar atmalı, nə də 2021–2022-ci illərdə olduğu kimi qərarların gecikdirilməsi səhvini təkrarlamalıdır. Uollerin sözlərinə görə, FED-in növbəti qərarları açıqlanacaq makroiqtisadi göstəricilərdən asılı olacaq.