"Türkiyədə inflyasiya ilin sonuna qədər 29 faizə çatacaq"

"Türkiyədə inflyasiya ilin sonuna qədər

"JPMorgan" investisiya bankı Türkiyə iqtisadiyyatına dair yeni qiymətləndirməsində inflyasiya təzyiqinin yüksək olaraq qaldığını və pul-kredit siyasətində ehtiyatlı yanaşmanın vacibliyini vurğulayıb.

Bankın iqtisadçısı Fatih Ağçelik tərəfindən hazırlanan hesabatda 2026-cı ilin sonuna ölkədə illik inflyasiyanın 29%-ə yüksələcəyi proqnozlaşdırılır. Hesabatda qeyd olunur ki, davamlı inflyasiya təzyiqi fonunda faiz dərəcələrinin yalnız mərhələli şəkildə azaldılması və müsbət real faizlərin qorunması məqsədəuyğun hesab edilir.

"JPMorgan"un qiymətləndirməsinə görə, Türkiyənin baza cari əməliyyatlar hesabı əvvəlki valyuta böhranları zamanı müşahidə olunan səviyyələrə yaxınlaşıb. Bununla belə, bank hesab edir ki, ilin ikinci yarısında neft qiymətlərinin ucuzlaşması və iqtisadi artım tempinin zəifləməsi cari əməliyyatlar balansının daha da pisləşməsinin qarşısını ala bilər.

Hesabatda əmək bazarına da toxunulub. Proqnozlara əsasən, 2026-cı ilin sonuna minimum əməkhaqqı ilə aclıq həddi arasındakı fərq 35%-ə çatacaq. Analitiklər hesab edirlər ki, dekabr ayında minimum əməkhaqqı ilə bağlı veriləcək qərar qarşıdakı seçkilərin vaxtı və hökumətin iqtisadi siyasətinin istiqaməti barədə mühüm siqnal olacaq.

Bank Türkiyənin fiskal siyasətini də qiymətləndirərək bildirib ki, 2026-cı ildə büdcə-vergi siyasəti 2025-ci ildə tətbiq olunan məhdudlaşdırıcı yanaşma ilə müqayisədə daha çox neytral xarakter daşıyır.

Eyni zamanda, qabaqlayıcı iqtisadi göstəricilər ikinci rübdə iqtisadi artımın zəiflədiyini göstərsə də, "JPMorgan" hesab edir ki, bu amil inflyasiyanın azalmasına yalnız məhdud təsir göstərəcək. Bankın fikrincə, ilin ikinci yarısında inflyasiyanın dinamikasını müəyyən edəcək əsas amillər valyuta məzənnəsinin dəyişməsi, minimum əməkhaqqına ediləcək düzəlişlər, eləcə də ərzaq və enerji daşıyıcılarının qiymətləri olacaq.

MONETAR.AZ