"Unibank" milyonlar qazanır, amma gəlirin 87 faizi xərclərdə "əriyir"

"Unibank" milyonlar qazanır,

"Unibank" ASC 2026-cı ilin ikinci rübünə dair açıqladığı maliyyə hesabatında aktivlərinin və kredit portfelinin əhəmiyyətli dərəcədə artdığını bəyan edib. Lakin maliyyə göstəricilərinin təhlili göstərir ki, bankın sürətli böyüməsi və rəqəmsal transformasiyası yüksək əməliyyat xərcləri, riskli kredit portfelinin genişlənməsi və xarici maliyyə resurslarından artan asılılıq fonunda baş verir.

Milyonlarla gəlir hara gedir? 

Maliyyə hesabatına əsasən, "Unibank" 2026-cı ilin ilk yarısında təxminən 215 milyon manat məcmu gəlir əldə edib.  Bununla belə, eyni dövrdə bankın xalis mənfəəti cəmi 17,2 milyon manat təşkil edib.

Beləliklə, əldə olunan gəlirlərin təxminən 87 faizi, yəni 186,4 milyon manata yaxın hissəsi müxtəlif xərc maddələri və ayırmalar hesabına mənfəətə çevrilməyib. Bu fərq bankın rəqəmsal transformasiya, filial şəbəkəsinin inkişafı və əməliyyat fəaliyyətinin saxlanılması üçün əhəmiyyətli həcmdə vəsait xərclədiyini göstərir.

Digər tərəfdən, gəlirlərlə müqayisədə xərclərin bu qədər yüksək olması əməliyyat səmərəliliyi ilə bağlı suallar yaradır. Bu vəziyyət bankın qazandığı hər manat gəlirin böyük hissəsinin xərclər hesabına əridiyini və mənfəət marjasının məhdud qaldığını ortaya qoyur.

Mikro kreditlərdə "sıçrayış": yüksək faiz, yüksək risk

"Unibank" son dövrdə biznes kreditləşməsinə, xüsusilə də mikro kreditlərin genişləndirilməsinə üstünlük verir. Hesabata görə, mikro kredit portfeli illik müqayisədə 53 faiz artıb. Bu artım kiçik sahibkarlığın maliyyələşdirilməsi baxımından müsbət qiymətləndirilə bilər. Lakin risklərin idarə olunması baxımından vəziyyət daha fərqli görünür. Mikro kreditlər adətən daha yüksək faiz gəliri təmin etsə də, eyni zamanda defolt riski yüksək olan kredit seqmenti hesab edilir.

Fərdi sahibkarların və kiçik biznes subyektlərinin maliyyə dayanıqlığı iqtisadi dəyişikliklərə daha həssas olduğundan, bazarda baş verə biləcək ən kiçik mənfi tendensiya belə bu kreditlərin problemli aktivlərə çevrilmə ehtimalını artırır. Bankın yüksək gəlirlərinə baxmayaraq xalis mənfəətin nisbətən aşağı qalmasının səbəblərindən biri də məhz bu riskli portfel üzrə yaradılan ehtiyat ayırmaları ola bilər.

Likvidlik balansında təzyiq artır

Maliyyə hesabatında diqqət çəkən digər məqam bankın resurs bazası ilə kredit portfeli arasındakı fərqdir. Hesabat dövrünün sonuna bankın depozit portfeli təxminən 1,4 milyard manata yaxınlaşdığı halda, müştərilərə verilmiş kreditlərin həcmi 1,5 milyard manatı ötüb.

Bu göstəricilər kredit portfelinin artıq depozit bazasını üstələdiyini göstərir. Belə vəziyyət bankın yalnız daxili resurslar hesabına kreditləşməni maliyyələşdirə bilmədiyini və əlavə maliyyə mənbələrinə ehtiyac duyduğunu təsdiqləyir. Məhz bu səbəbdən "Unibank" xarici maliyyə institutlarından 177,5 milyon manat həcmində borc vəsaiti cəlb edib.

"Unibank" 2,4 milyon nəfərlik müştəri bazası və milyardlarla manat həcmində nağdsız əməliyyatları ilə Azərbaycanın rəqəmsal bankçılıq sektorunda aparıcı mövqeyini qoruyub saxlayır. Aktivlərin və kredit portfelinin artması bankın bazardakı mövqeyinin möhkəmləndiyini göstərsə də, maliyyə hesabatı bu inkişafın müəyyən risklərlə müşayiət olunduğunu da ortaya qoyur.

MONETAR.AZ