Avtomobillərin utilizasiya qiymətləri maşının tamlığından asılı olacaq

Avtomobillərin utilizasiya qiymətləri

Azərbaycanda ekoloji təhlükəsizliyin təmin edilməsi və nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə start verilən avtomobillərin utilizasiyası proqramında mühüm dəyişikliklər gözlənilir. Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə çıxış edən "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı bildirib ki, gələcəkdə utilizasiyaya təhvil verilən nəqliyyat vasitələrinin tamlığı ödəniləcək kompensasiya məbləğinə birbaşa təsir göstərəcək. Yeni qaydalara əsasən, avtomobilin üzərində mühərrik (motor) və sürətlər qutusunun (korobka) olması qiymətlərin müəyyənləşdirilməsində əsas meyar rolunu oynayacaq.

Rəsmi statistikaya görə, 2024-cü ilin oktyabr ayında start götürmüş irimiqyaslı utilizasiya prosesi çərçivəsində indiyədək 30 minə yaxın nəqliyyat vasitəsi qəbul edilərək dövriyyədən çıxarılıb. Prosesin xüsusilə yay aylarında daha intensiv xarakter aldığını vurğulayan qurum rəsmisi, bölgələrdə illərlə həyətlərdə qalan, tamamilə yararsız vəziyyətdə olan köhnə maşınların xüsusi evakuatorlar vasitəsilə daşındığını diqqətə çatdırıb. Toplanan bu nəqliyyat vasitələri Bakı, Gəncə, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən rəsmi utilizasiya məntəqələrinə təhvil verilir.

Tədbirdə səsləndirilən ən maraqlı faktlardan biri isə yeni nəsil avtomobillərin də artıq utilizasiya bazasına daxil olmasıdır. Belə ki, proqram çərçivəsində 2025-ci il istehsalı olan 5-6 ədəd yeni Çin avtomobili (BYD və "Changan" brendləri) də utilizasiyaya verilib. Orxan Cabbarlı qeyd edib ki, bu maşınlar əsasən taksi fəaliyyətində istifadə olunan və ağır yol-nəqliyyat qəzaları nəticəsində bərpası qeyri-mümkün olan nəqliyyat vasitələridir. Bu halın sözügedən brendlərin keyfiyyəti ilə bağlı olmadığını, sadəcə intensiv istismar və qəza nəticəsində baş verdiyini vurğulayan ASC rəsmisi, yeni qiymət tənzimləmələrinin şəffaflığı artıracağını bildirib.

MONETAR.AZ