Azərbaycanda avtomobillərin sayı 10 ildə 46 faiz artıb

Azərbaycanda avtomobillərin sayı

Azərbaycanda nəqliyyat vasitələrinin ümumi sayı 2025-ci ildə 1 milyon 934,6 minə çatıb. 2015-ci ildə bu göstərici 1 milyon 322,6 min olub.

 Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ildə ölkədə nəqliyyat vasitələrinin sayı 612 minədək və ya 46,3% artıb.

 2025-ci ildə avtomobillərin 1 milyon 676,1 minini minik avtomobilləri təşkil edib. Bu göstərici 2015-ci ildə 1 milyon 129,6 min olub. Beləliklə, minik avtomobillərinin sayı 48,4% artıb.

 Yanacaq növünə görə, 2025-ci ildə ölkədə 1 milyon 350,9 min benzin mühərrikli və 160,5 min dizel mühərrikli minik avtomobili olub. Elektrik mühərrikli avtomobillərin sayı 8 min 215, hibrid avtomobillərin sayı isə 133 min 353-ə çatıb.

 Məlumatlara əsasən, 2025-ci ildə ölkədə 33,2 min avtobus, 192,7 min yük avtomobili və 32,6 min digər nəqliyyat vasitəsi qeydə alınıb.

 Əhalinin hər 1 000 nəfərinə düşən nəqliyyat vasitələrinin sayı 2015-ci ildə 139 olduğu halda, 2025-ci ildə 188-ə yüksəlib. Minik avtomobilləri üzrə bu göstərici isə 119-dan 163-ə çatıb.

 Həmçinin, 2025-ci ildə hər 100 ev təsərrüfatına 69 şəxsi avtomobil düşüb. 2015-ci ildə bu göstərici 52 olub.

 Ölkədə motosikletlərin sayı da artaraq 2025-ci ildə 13 min 258-ə çatıb. 2015-ci ildə onların sayı 3 min 215 olub.