Bakıda 39 nömrəli avtobus marşrutu üzrə dəyişikliklər olub

Bakıda 39 nömrəli avtobus marşrutu üzrə

Bakıda ictimai nəqliyyat xidmətinin təkmilləşdirilməsi istiqamətində daha bir dəyişiklik həyata keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişin tələbatı nəzərə alınaraq 39 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxeminin yeniləndiyini və xətt üzrə yeni avtobusların istismara verildiyini açıqlayıb.

Qurumun məlumatına görə, iyulun 15-dən etibarən Yasamal yaşayış massivində yerləşən Məhəmməd Xiyabani küçəsindən metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən 39 nömrəli marşrutun son dayanacağı dəyişdirilib. Yeni sxemə əsasən, marşrutun son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsində, Nizami bağı ərazisində təşkil olunub.

Eyni zamanda, marşrut üzrə sərnişinlərə daha rahat xidmət göstərilməsi məqsədilə avtobus parkı da yenilənib. Bundan sonra 39 nömrəli xəttdə yalnız sıxılmış təbii qaz (CNG) texnologiyası ilə işləyən müasir və ekoloji cəhətdən daha səmərəli avtobuslardan istifadə olunacaq.

AYNA bildirib ki, marşrut üzrə gedişhaqqı dəyişməyib və əvvəlki kimi 0,60 manat olaraq qalır.

Agentlik qeyd edib ki, həyata keçirilən yeniliklər paytaxtda ictimai nəqliyyatın xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin rahatlığının artırılması və ekoloji cəhətdən dayanıqlı nəqliyyat həllərinin tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.