Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın müxtəlif ərazilərində bir sıra küçələrdə təmir işlərinin aparılacağını açıqlayıb.
Agentliyin məlumatına görə, iyulun 16-dan etibarən aşağıdakı ünvanlarda yol təmiri işlərinə başlanılacaq:
- Nəsimi rayonu – Ağadadaş Qurbanov küçəsi;
- Yasamal rayonu – Şeyx Məhəmməd Xiyabani küçəsi;
- Nizami rayonu – Əliağa Kürçaylı küçəsi.
Bundan əlavə, iyulun 17-dən etibarən təmir işləri daha iki ünvanda davam etdiriləcək:
- Nizami rayonu – Cəlil Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);
- Yasamal rayonu – Ayna Sultanova küçəsi.
AAYDA bildirib ki, təmir işləri müddətində görülən işlərin gedişindən asılı olaraq qeyd olunan küçələrdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərə yaranacaq müvəqqəti məhdudiyyətləri nəzərə almağı, səfərlərini əvvəlcədən planlaşdırmağı və imkan daxilində alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.