Almaniyanın avtomobil istehsalçısı "BMW" ABŞ bazarında təhlükəsizlik riski səbəbindən 29 119 avtomobilin geri çağırılması barədə qərar qəbul edib. Bu barədə "Reuters" agentliyi ABŞ-ın Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Məlumata görə, geriçağırmaya səbəb mühərrikin starter mexanizmində aşkarlanan texniki nasazlıqdır. Tənzimləyici qurumun qiymətləndirməsinə əsasən, bu problem bəzi hallarda həddindən artıq qızmaya, elektrik sistemində qısaqapanmaya və nəticədə avtomobildə yanğın riskinin yaranmasına səbəb ola bilər.
Kampaniya "BMW 530e xDrive", "BMW 740Le xDrive" və "BMW iPerformance" seriyasına daxil olan bir sıra avtomobilləri əhatə edir. Şirkətin planına əsasən, nasazlıq aşkarlanan avtomobillər rəsmi servis mərkəzlərində yoxlanılacaq və zəruri hallarda müvafiq komponentlər ödənişsiz şəkildə dəyişdiriləcək.
Geriçağırma qərarı "BMW" üçün maliyyə baxımından çətin dövrə təsadüf edir. Şirkət iyunun ikinci yarısında Çində avtomobil satışlarının zəifləməsi və İran ətrafında yaranan geosiyasi gərginliyin tədarük zəncirinə mənfi təsirlərini əsas gətirərək 2026-cı il üzrə mənfəət proqnozunu aşağı salmışdı. Bunun fonunda avtomobil istehsalçısının səhmləri son beş ildən artıq müddətdə ən aşağı səviyyəyə enmişdi.
Şirkətin maliyyə nəticələri də təzyiqin davam etdiyini göstərir. 2026-cı ilin birinci rübündə "BMW"nin əməliyyat mənfəəti illik müqayisədə 25% azalaraq 2,3 milyard avroya düşüb. Şirkət bu geriləməni əsasən Çin bazarında kəskin rəqabət mühiti, qiymət təzyiqləri və beynəlxalq ticarətdə tətbiq olunan əlavə rüsumlarla əlaqələndirib. Bu amillər qlobal avtomobil istehsalçıları üçün həm satış, həm də rentabellik baxımından əsas risklərdən biri olaraq qalır.