Ekspress avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb

Ekspress avtobusların iş qrafiki

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin başlanması ilə əlaqədar sərnişindaşımada alternativlərin təmin edilməsi məqsədilə 6 ekspres avtobus marşrutu istifadəyə verilib. Sərnişinlərin yeni marşrutlardan fəal istifadə etdiyi bildirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a verilən məlumata görə, ekspres avtobusların hərəkət qrafiki metro ilə sinxronlaşdırılıb. Marşrutlar hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Yeni ekspres xətlər aşağıdakı istiqamətləri əhatə edir:

  • M1 – “Elmlər Akademiyası” – “28 May”;
  • M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;
  • M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;
  • M4 – “20 Yanvar” – “Koroğlu”;
  • M5 – “20 Yanvar” – “Gənclik”;
  • M6 – “Elmlər Akademiyası” – “Nizami” – “Gənclik” – “Koroğlu”.

AYNA qeyd edib ki, şaxələndirilmiş marşrut şəbəkəsi sərnişinlərə tələbatdan asılı olaraq alternativ hərəkət imkanları yaradır. Vətəndaşlara səfərlərini planlaşdırarkən ekspres marşrutların istiqamətlərini nəzərə almaları tövsiyə olunur.

Marşrutlar barədə ətraflı məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə etmək mümkündür.

Bununla yanaşı, 28 müntəzəm marşrut xəttində avtobusların sayı artırılıb. Nəticədə avtobuslararası interval azaldılıb və sərnişinlər üçün nəqliyyat əlçatanlığı yüksəldilib.

Ümumilikdə gücləndirilmiş 34 marşrut xəttinə — 28 müntəzəm və 6 ekspres xəttə — 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrutlarda gündəlik 95 nəqliyyat vasitəsi ilə 68 minədək sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində əlavə avtobusların cəlb edilməsi ilə gün ərzində ümumilikdə 475 min sərnişinə xidmət göstərilir.

AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənilir. Sərnişin axını davamlı təhlil olunur və tələbatdan asılı olaraq avtobusların sayı operativ şəkildə tənzimlənir. Zərurət yarandıqda daşıyıcılar tərəfindən xətlərə əlavə avtobuslar buraxılır.

Bundan başqa, sərnişinlərə dəstək göstərmək məqsədilə 4 metro stansiyasının qarşısında nəqliyyat könüllüləri də fəaliyyət göstərir.