İlk elektrikli "Range Rover" təqdim olunub

İlk elektrikli "Range Rover"

"Jaguar Land Rover" (JLR) ilk tam elektrikli yolsuzluq avtomobili olan "Range Rover Electric" modelini təqdim edib. Avtomobil Böyük Britaniyanın Solihall şəhərindəki zavodda istehsal olunur və artıq 154,1 min funt sterlinqdən başlayan qiymətlərlə sifarişə açıqdır.

Yeni model iki elektrik mühərriki ilə təchiz edilib. Güc qurğusu 550 at gücü və 850 Nm fırlanma anı hasil edir ki, bu da "Range Rover" tarixində ən yüksək göstəricidir. Şirkətin məlumatına görə, avtomobil dinamikası və dartı xüsusiyyətlərinə görə V8 mühərrikli versiyalarla müqayisə oluna bilər, eyni zamanda daha səssiz və komfortlu sürüş təcrübəsi təqdim edir.

"Range Rover Electric" 0–96 km/saat sürətlənməni 4,3 saniyəyə yerinə yetirir. 80–121 km/saat (50–75 mil/saat) aralığında sürətlənmə isə cəmi 2,7 saniyə çəkir. Aşağı ağırlıq mərkəzi və iki kameralı pnevmatik asqı sistemi avtomobilin idarəetməsini daha da təkmilləşdirir.

WLTP standartına əsasən yürüş ehtiyatı təxminən 600 km təşkil edir. Şirkətin daxili sınaqlarında isə seriya modeli bir enerji doldurulması ilə 535 km məsafə qət edib. Elektromobil 118,5 kVt·saat tutumlu və 800 voltluq arxitekturaya malik batareya ilə təchiz olunub. Sürətli doldurma sistemi sayəsində batareyanın enerji səviyyəsini 10%-dən 80%-ə qaldırmaq 22 dəqiqə çəkir, cəmi 10 dəqiqəlik doldurma isə təxminən 220 km əlavə yürüş imkanı yaradır.

Elektron dartı idarəetmə sistemi yol örtüyündəki dəyişikliklərə cəmi 50 millisaniyə ərzində reaksiya verir. JLR bildirir ki, bu göstərici daxili yanma mühərrikli modellərlə müqayisədə 100 dəfə daha sürətlidir.

"Range Rover Electric" markanın məşhur yolsuzluq imkanlarını da qoruyub saxlayıb. Avtomobil 900 mm dərinliyində su maneələrini keçə və 45 dərəcəyədək maili yoxuşları fəth edə bilir. Bundan əlavə, "bir pedal" rejimi sayəsində elektromobil 33 dərəcəyədək maili səthlərdə rəvan şəkildə hərəkətə başlaya bilir.

JLR vurğulayır ki, model hazırlanarkən əsas diqqət "Range Rover" brendinə xas komfortun, idarəetmənin və salonun yüksək səviyyəli akustik izolyasiyasının qorunmasına yönəldilib. Sınaqlar zamanı avtomobil ümumilikdə Yer ətrafında 38 dövrəyə bərabər məsafə qət edib, həmçinin 250 mindən çox saat virtual testlərdən keçirilib ki, bu da indiyədək istehsal olunan bütün "Range Rover" modellərindən çoxdur. Batareya sistemi -40°C-dən +90°C-dək temperatur şəraitində sınaqdan keçirilib.

Şirkətin məlumatına görə, "Range Rover Electric" brend tarixində ən çox patentlə qorunan model olacaq. Avtomobil üçün "ThermAssist" istilik idarəetmə sistemi, həmçinin Böyük Britaniyada istehsal olunan batareya və elektromühərrik texnologiyaları da daxil olmaqla 300-ə yaxın patent müraciəti təqdim edilib.

Yeni model qısa və uzun təkər bazalı kuzovlarda SE, HSE, Autobiography, SV, SV Ultra və SV Black komplektasiyalarında sifariş edilə bilər. Alıcılara həmçinin eksklüziv First Edition versiyası və Bespoke proqramı çərçivəsində geniş fərdiləşdirmə imkanları da təqdim olunur.

 

MONETAR.AZ