Renault “R5” modelinin mənfəət marjası iri modellərdən daha yüksəkdir

Renault “R5” modelinin mənfəət marjası iri modellərdən

“Renault Group”un kompakt "R5" elektromobili şirkətə "Megane" və "Scenic" kimi daha iri modellərlə müqayisədə daha yüksək mənfəət gətirir. Bu barədə şirkətin baş icraçı direktoru Fransua Provost Fransanın “Les Echos” işgüzar qəzetinə müsahibəsində bildirib.

Provostun sözlərinə görə, şirkət "R5", "R4" və "Twingo" modelləri üzrə müsbət mənfəət marjası əldə edir. Bu göstərici, "Megane" və "Scenic" modellərinin daha yüksək avtomobil seqmentinə aid olmasına baxmayaraq, onların mənfəət marjasını üstələyir.

Bu tendensiya avtomobil sənayesində formalaşmış ənənəvi yanaşmadan fərqlənir. Adətən, daha iri C-seqmenti avtomobillər daha yüksək satış qiymətləri hesabına kompakt modellərlə müqayisədə daha yüksək rentabellik təmin edir.

Avropalı avtomobil istehsalçıları dəfələrlə bildiriblər ki, Avropadakı tənzimləyici tələblər və akkumulyator tədarük zəncirinin hələ tam formalaşmaması, xüsusilə Çin istehsalçılarının güclənən rəqabəti şəraitində elektromobillərin rentabelliyini təmin etməyi çətinləşdirir.

2024-cü ilin sonunda satışa çıxarılan "Renault R5" qısa müddətdə Avropada ən çox satılan elektromobillərdən birinə çevrilib. İranla müharibə fonunda yanacaq qiymətlərinin bahalaşması isə Avropa bazarında həm yeni, həm də işlənmiş elektromobillərə tələbatın artmasını sürətləndirib.

Fransua Provost ötən ay bildirmişdi ki, müharibə başlayandan sonra qrupun elektromobillər üzrə sifariş portfeli Fransa və Almaniya da daxil olmaqla bir sıra bazarlarda 50% artıb.

MONETAR.AZ