Taksi və yükdaşıma sürücüləri bu gün imtahan verir

Taksi və yükdaşıma sürücüləri

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də taksi sürücülərinin, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yükdaşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edəcək.

DİM-dən bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1849 nəfər qeydiyyatdan keçib. Onlardan 1376 nəfəri taksi sürücüsü, 106 nəfəri beynəlxalq yükdaşıma sürücüsü, 7 nəfəri operatorun məsul şəxsi, 175 nəfəri ölkədaxili sərnişindaşıma, 185 nəfəri isə ölkədaxili yükdaşıma sürücüsüdür. İmtahanların təşkili üçün 20 imtahan rəhbəri, 123 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Taksi sürücüləri üçün imtahanlar DİM-in elektron imtahanlar korpusunda, Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, DİM-in Bərdə regional bölməsində və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə keçiriləcək. Beynəlxalq yükdaşıma sürücülərinin imtahanı DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində təşkil olunacaq. Operatorların məsul şəxsləri, eləcə də ölkədaxili sərnişin və yükdaşıma sürücüləri üçün qiymətləndirmə imtahanları isə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

İştirakçılar imtahanı başa vurduqdan dərhal sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr növbəti gün DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap etməli və imtahan binasına buraxılış vərəqəsi, həmçinin şəxsiyyət vəsiqəsinin əsli ilə gəlməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq aşkar edildikdə namizəd imtahana buraxılmayacaq.

 MONETAR.AZ